Hər içkiyə bir yemək resepti

Maraqlı4 dəq oxu
Hər içkiyə bir yemək resepti

Axşam dostlarınızla idman yarışı izləyəcək, ya da xoş gününüzü qeyd edəcəksiniz. Ən yaxşı içkiləri seçib aldınız. Amma onların yanında yeməyə nə təklif edəcəyinizi bilmirsiniz. O zaman indi verəcəyimiz bu asan reseptləri sınayın:

Şampan şərabı ilə krevetlər

Hər içkiyə bir yemək resepti — şəkil 1

Məhsullar:

- 350 qr. təmizlənmiş krevet

- 4 dilim çörək

- 2 diş sarımsaq

- 1 yemək qaşığı rəndələnmiş limon qabığı

- 2 yemək qaşığı limon suyu

- 1 stəkan zeytun yağı

- 1 qaynadılmış yumurtanın sarısı

- 1 yemək qaşığı xardal

- yarım stəkan parmezan pendiri

- 1 ədəd orta böyüklükdə kahı

- duz, istiot

Hazırlanma müddəti 40 dəqiqə

Hazırlanması: 

Sobanı əvvəlcədən 230 dərəcədə isidin. Bir qabda  krevetləri, yarım diş sarımsağı, rəndələnmiş limon qabığını və zeytun yağını qarışdırın, duz, istiot əlavə edin. Krevetləri və çörəkləri sobaya qoyub 7 dəqiqə bişirin.  Bu vaxt ərzində isə bir kasaya qalan sarımsaq, limon suyu, zeytun yağı, yumurta sarısı, xardal, azca duz, istiot əlavə edib qarışdırın. Bir az parmesan pendiri əlavə etdikdən sonra hazırladığınızı kahı yarpağının üzərinə tökün, çörək və krevetləri də qoyun. Artıq hazırdır, dostlarınıza təqdim edə bilərsiniz.

Qırmızı şərabla keçi pendirli göbələklər

Hər içkiyə bir yemək resepti — şəkil 2

Məhsullar:

- 3 dilim çörək

- 150 qr. keçi pendiri

- 500 qr. göbələk

- 1 diş sarımsaq

- bir az cəfəri

- zeytun yağı

- duz, istiot

Hazırlanma müddəti 25 dəqiqə

Hazırlanması:

Sobanı 200 dərəcədə əvvəlcədən isidin. Soba qabını zeytun yağı ilə yağlayın. Çörək və sarımsağı qarışdırın, balaca-balaca doğradığınız keçi pendiri, cəfəri, duz, istiotu əlavə edin. Göbələklərin sapını çıxarın və hazırladığınızı içinə doldurun. Göbələklər bir az qızaranadək sobada bişirin.

Viskiylə ədviyyatlı quzu şişlər

Hər içkiyə bir yemək resepti — şəkil 3

Məhsullar:

- 500 qr. quzu əti

- 1 ədəd balaca soğan

- 1 stəkan zeytun yağı

- 1 çay qaşığı kəklikotu

- 1 çay qaşığı darçın

- 1 çay qaşığı zirə

- duz, istiot

Hazırlanma müddəti 40 dəqiqə

Hazırlanması:

Sobanı əvvəlcədən 230 dərəcədə qızdırın. Bir qabda zeytun yağı, balaca doğranmış soğan və bütün ədviyyatları qarışdırın. Kub formasında doğradığınız əti bu sousda 20 dəqiqə saxlayın. Mağazadan hazır taxta şişlər alın və ətləri şişlərə düzün. Şişləri sobaya qoyub 10 dəqiqə bişirin.

Araqla zeytunlu soğan tartı

Hər içkiyə bir yemək resepti — şəkil 4

Məhsullar:

- 1 yemək qaşığı yağ

- 2 ədəd orta böyüklükdə soğan

- 1 qat-qat (milföy) xəmiri

- 1 stəkan qara zeytun

- bir az zeytun yağı, kəklikotu

Hazırlanma müddəti 40 dəqiqə

Hazırlanması:

Sobanı əvvəlcədən 220 dərəcədə isidin. Tavaya yağ, soğan və kəklikotunu əlavə edin, soğanlar yumşalıb rəng dəyişənə qədər bişirin. Stola un səpib xəmiri açın. Bu xəmiri özünüz də hazırlaya bilərsiniz, mağazadan da ala bilərsiniz. Sobanın qabını zeytun yağı ilə yağlayın, xəmiri qoyub sobaya yerləşdirin, dərəcəni 200-ə endib 10 dəqiqə bişirin. Xəmir qabarmağa başlayanda hazırladığınız soğanları üzərinə çəkin, zeytunları da əlavə edib sobaya qoyun, dərəcəni 180-ə endirin və 20 dəqiqə bişirin. Xəmir tamam qızardıqdan sonra kəsərək stola apara bilərsiniz.

Pivə ilə balaca küftələr

Hər içkiyə bir yemək resepti — şəkil 5

Məhsullar:

- 500 qr. qiymə

- 2 stəkan duru yağ

- 1 yumurta

- 2 diş sarımsaq

- 2 dilim boyat çörək

- bir az rəndələnmiş parmesan pendiri və cəfəri

- duz, istiot

Hazırlanma müddəti 25 dəqiqə

Hazırlanması: 

Bir qaba qiymə, yumurta, çörək, sarımsaq, pendir, cəfəri, duz və istiotu əlavə edib yoğurun. Onları əlinizdə balaca top halına gətirin və yağda 2-3 dəqiqə qızardıb götürün.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan