Suriya prezidenti Bəşər Əsədin qohumları Moskvanın nüfuzlu biznes rayonunda – Moskva-Sitidə azı 20 lüks mənzil alıblar. Əmlakın ümumi dəyəri təxminən 40 milyon dollar təşkil edir.
Gent.az bildirir ki, əməliyyatlar 2013-2019-cu illərdə Suriya liderinin ailəsinin nəzarətində olan ofşor şirkətlər şəbəkəsi vasitəsilə həyata keçirilib.
“Financial Times” antikorrupsiya təşkilatı “Global Witness”in sənədlərinə istinadən xəbər verir ki, əmlakın ən böyük sahibi Əsədin əmisi oğlu Xazif Maxluf olub. Onun həm birbaşa, həm də ofşor strukturları vasitəsilə qeydiyyatdan keçmiş 13 mənzili var.
Suriya prezidentinin digər nüfuzlu qohumu, iş adamı Rami Maxlufun həyat yoldaşı da iki dəbdəbəli mülkə sahibdir. Ev sahibləri arasında Moskvadakı mülklərindən daimi yaşayış üçün istifadə edən Əsədin əmisi oğlu İhab və Eyad Maxluf adlı əkiz qardaşlar da var.
Əsədin qohumları daşınmaz əmlakın qeydiyyatı üçün offşor şirkətlərdən fəal istifadə ediblər ki, bu da son sahiblərini gizlətməyə imkan verir. Qeyd etmək vacibdir ki, əməliyyatın bütün iştirakçıları xaricdə bizneslə məşğul olmağı və aktivlərə sahib olmağı qadağan edən beynəlxalq sanksiyalara məruz qalırlar.
Rusiyanın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Andrey Baklanov belə sərmayələrin Suriya elitasına qarşı Qərbin sanksiyaları ilə izah olunduğunu izah edib:
“Suriya elitasının pullarını onlara heç nə olmayacağı ölkələrə yatırması təbiidir”.
Öz növbəsində, “Global Witness”in nümayəndəsi İzabel Koşiv vurğulayıb ki, Moskvada dəbdəbəli daşınmaz əmlakın alınması Rusiyanın dəstəyinin bariz nümunəsidir. Bunun sayəsində Əsəd ailəsi Moskvada gizlənə və “Suriya alovlanan bir vaxtda dəbdəbəli həyat tərzindən həzz ala bilər”.