Elvis Presli 1955-ci ildə musiqi dünyasına yeni daxil olanda hər kəsdən fərqlənirdi. O, təkcə musiqi sahəsində deyil, bütövlükdə pop mədəniyyətində qalıcı iz qoymağı bacardı. Bu gün 20 illik musiqi karyerası olan müğənninin həyatına nəzər salacağıq.
1935: Körpə Elvis
Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ- ın Missisipi ştatının Tyupelo şəhərində Vernon və Qledis Preslilərin ailəsində anadan olub.
1940: Elvis 5 yaşında
Presli dini inancı güclü işçi sinif ailəsində anadan olub. O, valideynlərinə çox bağlı idi. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.
1953: Orta məktəbi bitirib
1953-cü ildə Presli Tennessi ştatının Memfis şəhərindəki Humes Litseyini bitirdi. Bu isə onun məktəb formasıdır. Məzun olduqdan sonra 18 yaşlı Elvis işə düzəldi və yük maşını sürücüsü işləməyə başladı. Məhz bu dövrdə o, Sem Fillipsə məxsus səsyazma studiyasına baş çəkmək və gitarasının müşayiəti ilə cəmi səkkiz dollara bir neçə mahnı yazdırmaq qərarına gəldi.
1954: İlk sinql
"That’s All Right" sinqlı 1954-cü il iyulun 19-da işıq üzü gördü və Memfis radiolarında ardıcıl səsləndirilməsi sayəsində iyirmi min nüsxəylə satıldı.
1954: İkonik rəqs hərəkətləri
Presli qastrol səfərlərində sadəcə musiqisi ilə deyil, rəqsləri ilə də hər kəsin diqqətini çəkməyi bacarmışdı.
1955: Rekord sövdələşmə
Presli meneceri Tom Parkerin köməyi ilə 1955-ci il noyabrın 20-də "RCA Records" ilə müqavilə imzaladı. "RCA" cəld tərpənib Preslinin buna qədər yazdırdığı bütün mahnıların kataloqunu Sun Records-dan 40.000 dollara aldı. Bu pulun 5000 dolları şəxsən Presliyə çatmışdır.
1956: Televiziya çıxışları
Preslinin milli televiziyada debütü 1956-cı ildə “The Dorsey Brothers Stage Show”da oldu. Bundan sonra müğənni müxtəlif estrada şoularında müntəzəm olaraq səhnə aldı.
1956: Kinodebüt
Elvis Preslinin musiqidəki uğurları onun qarşısında Hollivudun yollarını açırdı. Tom Parker yubanmadan bu fürsətdən istifadə edib "20th Century Fox" və "Paramount" studiyaları ilə müqavilələr imzalayır. Preslinin iştirakı ilə çəkilən ilk film, premyerası 1956-cı ilin 15 noyabrında baş tutan "Məni nəvazişlə sev" oldu. Bu filmdə Presli ikinci dərəcəli rol oynayırdı və yalnız dörd qısa mahnı ifa edirdi. Amma film nümayiş olunan həftə milyonlarla tamaşaçı məhz ona tamaşa etmək üçün kinoteatrlara axışdı. Elvisin çoxdankı aktyor olmaq arzusu axır ki, gerçəkləşmişdi. 1957-ci ildə nümayiş olunan kimi kommersiya uğuru qazanan daha iki film – "Səni Sevmək" və "Həbsxana Taleyi" ekranlara çıxdı.
1958: Anasını itirir
Hər şey yolunda gedərkən müğənninin şəxsi həyatında faciə baş verdi və o, avqust ayının 14-də Memfisdə anası itirdi.
1959: Prisilla ilə tanışlıq
Presli dostlarının vasitəsi ilə Almaniyadakı məclislərdən birində 14 yaşlı Prissilla Bulye ilə tanış oldu. Aralarında 10 yaş fərq olmasına baxmayaraq, onlar münasibət qurdular.
1963: Prisilla Memfisə qayıdır
1963-cü ilin martında Prisilla Preslinin malikanəsinə – Qreyslendə gəldi. Onların hər ikisinin valideynlərinin razılaşmasına əsasən, gündəlik olaraq şəxsi katolik məktəbinə gedəcəyinə maneəçilik törədilməməsi şərtiylə 17 yaşlı Prissillanın Qreyslenddə qalmasına razılıq verildi. 1966-cı ilin sonlarında Presli valideynlərinin təzyiqi nəticəsində Prissillaya evlənmək təklif etdi. Toy 1967-ci il may ayının 1-də oldu. İlk dövrlər Presli ailə həyatından böyük zövq alsa da, bu, çox çəkmədi. 1968-ci ilin fevralında qızı Liza-Mari dünyaya gələndən sonra o, Prissilladan uzaqlaşdı.
1973: Yenidən sevgini tapır
Presli 1972-ci ildə Prissilladan rəsmi olaraq ayrılandan sonra model və keçmiş gözəllik kraliçası Linda Tompsonla 4 il eşq macərası yaşadı. Tompson 1976-cı ildə Preslinin dərmanlardan asılı vəziyyətə düşdüyünü bəyan edərək münasibətə son qoydu.
1977: Onun son konserti
Kralın son konserti 1977-ci ilin iyununda oldu. Presli İndianapolisdə izdiham üçün çıxış etdi, sonra növbəti konsertindən əvvəl dincəlmək üçün həmişəki kimi malikanəsinə qayıtdı.
1977: Faciəvi itki
Presli 1977-ci ildə 42 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. Onun ölümü içdiyi sakitləşdirici dərmanlarla əlaqələndirildi.
2019: Qalıcı miras
Preslinin ölümündən 40 il keçməsinə baxmayaraq, onun mirası davam edir. Ölümündən beş il sonra, Preslinin Memfisdəki evi ictimaiyyətə açıldı. Mülk ildə 500.000-dən çox adam tərəfindən ziyarət edilir. Bu səbəbdən də, 2019-cu ildə “Forbes” jurnalı onu ən çox qazanan ölü məşhurlardan biri adlandırdı.