Yəqin ki, bir çoxunuz gecə qəfildən başlayan və səhərə qədər davam edən, sizi yatmağa qoymayan diş ağrıları yaşamısınız. Həkimə gedə bilməmək sizi daha çarəsiz hiss etdirib və o ağrının heç bitməyəcəyini düşünmüsünüz. Amma çarəsiz deyilsiniz, müəyyən üsullarla evdə diş ağrısını aradan qaldırmaq mümkündür.
İlk növbədə, bunu bilmək lazımdır ki, diş həkimləri ilə çox yaxın təmas qurduğunuz üçün iltihab, şişkinlik, yara, dolğunun düşməsi və s. kimi ciddi məsələlərdə onlara müraciət etmək lazımdır.
Ümumi diş ağrısından xilas olmaq və ya ağrını azaltmaq istəyənlər bu məqaləmizdən faydalana bilərlər.
Əvvəla, diş ağrısı yaşamaq istəmirsinizsə, səhər-axşam dişlərinizi fırçalamalısınız. Ağızdakı bakteriyaların çoxalmaması üçün dişlərinizlə yanaşı, dilinizi də sizə uyğun diş fırçası və məcunu ilə təmizləməlisiniz.
Lakin bunlar ağız sağlamlığınızı maksimum səviyyədə qorumur. Fırçanın çata bilmədiyi yerlərdə mikrob əleyhinə ağız çalxalama suyundan istifadə etmək zəruridir. Digər önəmli bir məsələ isə diş ipidir. Diş arasında qalan qida artıqları da diş və diş əti ağrılarına səbəb ola bilər.
Dişləriniz həssasdırsa, turşuluğu çox olan qidalardan uzaq durmalısınız. Onlar diş minasını aşındıraraq ağrı yaranmasına səbəb olur.
Dişlərinizlə fındıq qırmaq, qapaq açmaq kimi vərdişləriniz varsa, təcili tərgitməlisiniz. Əks halda, diş itkisi ilə üzləşə bilərsiniz.
Duzlu və sodalı qarqaranın ağız təmizliyində böyük rolu var. Hər ikisi antiseptik xüsusiyyətlərə malikdir, müntəzəm tətbiq edildikdə ağızdakı bakteriyaların və iltihabların aradan qalxmasını təmin edir. Bu üsul diş həkimləri tərəfindən də tövsiyə olunur.
Təbii antibiotik rolunu oynayan sarımsaq diş ağrısını aradan qaldırmaqda çox təsirlidir. Əzilmiş sarımsağı ağrıyan dişinizə qoyun və təxminən, 15 dəqiqə gözləyin. Ağrının azaldığını, hətta keçdiyini görəcəksiniz.
Adaçayı da diş ağrılarını aradan qaldırmaqda effektivdir. Qaynadılmış adaçayı suyunu soyudun və qarqara edin. Alternativ olaraq, sirkəli su ilə qarqara etmək də ağrını azaldacaq.
Mixək yağı diş ağrısını yüngülləşdirir. Xüsusilə, çürük dişlər üçün ağrıkəsici təsirə malikdir. Diş məcunlarının hazırlanmasında istifadə edilən eugenol adlı maddəyə mixəkdə də rast gəlinir. Bu, bakteriyaları öldürən güclü bir maddədir. Sadəcə yağı deyil, mixəyin quru forması da ağrıyan bölgəni keyidərək narahatlıq hissini azaldır.
Diş ağrısından azad olmağın bir digər yolu da soyuq buz kompresidir. Buzu ağrı olan dişiniz tərəfdəki yanağınıza qoyun. Amma ehtiyatlı olun, buzu uzun müddət çəkmədən tutsanız, dərinizdə problem yarada bilərsiniz, buzu incə bir bezin arasına qoymaq və fasilələrlə tətbiq etmək tövsiyə edilir.