Kofein haqqında hər şey: Fayda və zərəri

Qidalanma3 dəq oxu
Kofein haqqında hər şey: Fayda və zərəri

Kofein düzgün istehlak edildiyi təqdirdə çox faydalı və sehrli bir maddədir. Lakin zərərli cəhətləri də müşahidə olunur. Bu yazıda kofeinin təsirləri, faydaları, zərərlərini tamamilə obyektiv şəkildə araşdırdıq.

Kofein 1819-cu ildə alman kimyaçı Fridrix Ferdinand Runge tərəfindən kəşf edilib. Çay, kakao yarpaqları və meyvələrin tərkibində təbii halda olan kofein daha çox qəhvə ilə əlaqələndirilir. Enerji içkiləri və kola kimi hazır içkilərə sonradan əlavə olunur.

Beynimizdəki neyronlar yuxuda olmadığımız dövrdə çalışır. Bu müddətdə adenozin adlı reseptorlarla əlaqəli bir maddə meydana gəlir və reseptorlar sayəsində adenozinin səviyyəsi orqanizmimiz tərəfindən daim nəzarətdə saxlanılır. Yuxumuzu almadıqda və ya uzun müddət işlədikdə adenozin səviyyəsi yüksəlir, yorğunluq - yuxu hissi yaranır. Kofein də adenozini 4 - 6 saat ərzində əvəz edə bilir və yorğunluğu aradan qaldırır. Bir növ yuxu rolunu oynasa da, qətiyyən yuxuya bərabər deyil.

Kofeinin təsirləri – Faydaları

Müxtəlif tədqiqatlarda kofeinin Altsheymer xəstəliyinin qarşısını aldığı sübut edilib. Bu maddə daha asan yadda saxlamağa və oxuduqlarınızı başa düşməyə də kömək edir. İdmanla məşğul olan hər kəs məşq sonunda tükənməyə başlayır, kofein isə yorğunluğun qarşısını alıb maksimum fəaliyyət göstərməyinizi təmin edir. Kofeindən istifadə reaksiya sürətini artıraraq tennis və futbol kimi refleksiv xüsusiyyətlərin ön planda olduğu idmanlarda üstünlük əldə etməyə də kömək edir. Kofein həm də ən təsirli və faydalı təbii yağ yandırıcısıdır. Maddələr mübadiləsini sürətləndirərək daha tez yağ itiməyinizə kömək edir. Nəbzi və qan təzyiqini artırmaqla suyun bədəndən atılmasına imkan verir. Bu isə tərəzidə kilonuzun daha az görünməsinə səbəb olur. Beyindəki müəyyən damarları müsbət bir şəkildə daraltmaqla baş ağrısını aradan qaldırır, migren kimi xəstəliklərin müalicəsinə kömək edir. İnsult riskini 25% azaldır, eyni zamanda dəri xəstəliklərində müalicəvi təsir göstərir.

Kofein haqqında hər şey: Fayda və zərəri — şəkil 1

Kofein yaddaşı yaxşılaşdırır?

ABŞ-ın Cons Hopkins Universitetində Dr. Maykl Yassa tərəfindən kofeinin yaddaşa təsirini araşdırmaq məqsədilə təcrübə aparılıb. Qəhvə içmək - kofein qəbul etmək vərdişi olmayan 160 nəfərin iştirakı ilə keçirilən təcrübədə iştirakçılara müxtəlif cisimlər göstərilib və 5 dəqiqə müddətində bunları yadda saxlamaları istənilib. Sonra onların yarısına 200 mq-lıq kofein tabletləri verilib. Təcrübədən bir gün sonra kofein qəbul edənlərin digərlərinə nisbətən cisimləri daha yaxşı xatırladıqları müşahidə edilib. Beləliklə, bu maddənin insan yaddaşına və öyrənmə prosesinə müsbət təsir etdiyi sübut olunub.
Kofenin zərərləri

Xüsusi sağlamlıq problemi olmayan insanların lazımi miqdarda kofein istifadəsi narahatlığa səbəb olmur. Yüksək dozada kofein qəbulu isə aşağıdakı problemlərə gətirib çıxarır:

Sürətli ürək döyünməsi
Yuxusuzluq
Ürəkbulanma
Tez-tez sidik ifrazı
Susuzluq
Mədə və bağırsaqların iltihabı
Baş ağrıları
Kofein uşaqlar üçün zərərlidir?
Kofeinin uşaqlara xüsusi təsiri yoxdur. Ən vacib məqam kofein miqdarıdır. Həddindən artıq istifadə təkcə uşaqlar üçün deyil, hər kəs üçün zərərlidir.
Nə qədər kofein istifadə etməliyik?

Kofein ehtiyacı insandan insana dəyişir. İnsanın kütləsi, orqanizmi və kofeinə həssaslığı kimi amillər ehtiyacın miqdarına təsir edir. Gündəlik orta istehlak hər kiloqram üçün 4 - 6 mq arasında olmalıdır. Məsələn, 80 kiloqram birinin gündə qəbul etməli olduğu kofein miqdarı 320 - 480 mqdir.

Kofein asılılıq yaradır?

Kofein asılılığı insanların ağlını qarışdıran və ən çox səhv başa düşülən məsələdir. Bu anlaşılmazlıq insanların bu maddədən uzaq durmaqlarına səbəb olur. Çünki asılılıq sözünü görəndə ağıllara siqaret, narkotik kimi sağlamlıq üçün ciddi təhlükə yaradan və qurtulmaq üçün müalicə tələb edən maddələr gəlir. Halbuki bu kofein üçün doğru mülahizə deyil. Asılılıq olaraq izah edilən bu vəziyyət kofein dözümlülüyü adlanır və ehtimal olunduğu kimi həyati təhlükə daşımır.

Kofein haqqında hər şey: Fayda və zərəri — şəkil 2

Kofein dözümlülüyü nədir?

Mütəmadi olaraq kofein qəbul edən insanlar vaxt keçdikcə kofeinin enerji verən və yorğunluğu azaldan təsirlərinin fərqinə varmazlar. Yəni həyatında ilk dəfə kofein qəbul edən biri çox böyük fərq hiss edər, enerji və fokuslanmanı maksimum səviyyədə yaşayar. Ancaq hər gün kofein qəbul edən biri bir müddət sonra buna vərdiş edir və enerjini hiss etməməyə başlayır. Buna kofein dözümlülüyü deyilir. Kofein dözümlülüyü olan insanlar kofein qəbul etmədikləri günlərdə yorğun olurlar, onlarda baş ağrısı da yarana bilər. Bunu aradan qaldırmaq isə çox asandır. 2 - 9 gün ərzində kofein qəbul etməsəniz, bədəniniz normal vəziyyətə qayıdacaq.

Sonda bəzi içki və qidaların tərkibindəki kofein miqdarını sizinlə bölüşürük:

1 paket hazır qəhvə - 50 mq.
1 fincan türk qəhvəsi - 60 mq.
1 fincan espresso - 100 mq.
1 stəkan qara çay - 50 mq.
1 stəkan yaşıl çay - 20 mq.
1 şüşə kola - 45 mq.
100 qr. südlü şokolad - 20 mq.
100 qr. acı (bitter) şokolad - 60 mq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan