Samovar çayını çoxları xoşlayır.
Əsasən də, yay fəslində həyətdə samovarda dəmlənən çayın ləzzəti bir başqa olur. Tarixi çox qədim olan bu əşyanın çay dəmləmək üçün istifadə edildiyini bilirik, amma onun daha qədimlərdə yemək bişirmək üçün icad olunduğu ağlımıza gəlməyib. Tarixə diqqət yetirsək, samovarın yaşının çayın icad tarixindən qat-qat əvvələ təsadüf etdiyini görərik.
İlk samovarların tarixi qədim yunan, Roma, Çin sivilizasiyalarına qədər gedib çıxır.
Üçayaqlı, iki hissəli samovar kimi qurğu Çində su və bitki dəmləmələri qaynatmaq üçün istifadə edilirdi. Amma tarixçilərin fərziyyəsinə görə, Çin ilə Yaponiyada çay sonradan yarandığına və heç vaxt samovarda hazırlanmadığına görə onlar bu qabda sulu yemək hazırlayırdılar.
Qədim samovarda çay deyil, yemək hazırlandığından onun lüləsi yox idi. Çin və Romada yemək süfrəyə elə samovardaca, yəni isti-isti gətirilirdi.
Müasir samovara bənzər ilk qurğuya İran və Cənubi Azərbaycanda da rast gəlinib. Bu qurğular çay, arx kənarlarında quraşdırılır və onlardan suyu təmizləmək məqsədilə istifadə olunurdu.
Rusiyanın iddialarına əsasən, samovar onların icad etdiyi əşyadır. Qədim Rusiyada da samovar üç hissədən ibarət idi. İki hissədə yemək bişirilir, digərində isə çay üçün su qaynadılırdı.
Samovar sözü rus dilindən tərcümədə “özü bişirən, qaynadan” deməkdir. Amma bu söz özü də sırf slavyan mənşəli deyil, belə ki bir sıra dillərdən dəyişərək formalaşıb.
Qədim dövrlərdə çay olmadığına görə bişirmək sözü şorbaya, balıq və ət xörəklərinə belə aid edilə bilərdi.
Daşüstü samovarı
Ən qədim təndir və samovar Azərbaycanda aşkarlanıb. 1989-cu ildə Şəkinin Daşüstü ərazisində dərinliyi iki metr olan kurqanda iki insan qalığı, ev heyvanları sümükləri, 34 yumru gil qab və bir ədəd yumru, üst hissəsi ayrılan, ortasında kömür üçün yeri olan samovara bənzər qab tapılmışdı. Ortasındakı boru kimi hissə qabdan baca kimi çıxırdı. Samovarın ayaqları yox idi. Onu daş üzərinə qoyardılar. Belə qab oda qənaət etmək və yeməyi daha tez bişirmək üçün əlverişli idi.
Beləliklə, ən qədim gil samovarın 3500 yaşı var. Bizim samovar Misir samovarından da 2000 il böyükdür.
Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Azərbaycanda samovarda qədimdə şorba bişirildiyini araşdırıb və bu metodu bərpa edərək Azərbaycan adından patentləşdirib.
“Samovarın tarixi XVII əsrdən başlanmır. Ən qədim samovar bizdə, əcdadlarımızda olub. Gildən hazırlanan o samovarda sulu yeməklər, şorbalar bişirilib. Xüsusən Şirvan ərazisində şorbalar samovarda hazırlanıb.
Gildən hazırlanan samovarda bişən yeməklər öz fərqli dadı və yüksək qidalılıq dəyəri ilə seçilirdi. Samovarda su-hava balansı fərqli olduğuna görə suya keçən ekstraktiv maddələrin miqdarı da dəyişir.
Bu səbəbdən də samovarda bişən yeməyin faydası qazanda bişiriləndən qat-qat üstün idi. Samovar həm də cod suyu yumşaldır, ona görə onda bişən yemək və hazırlanan çay asan həzm olunur.
Azərbaycanda samovarda şorba bişirmək ənənəsini bərpa etmişik və yaşadırıq. Bu metodun patenti də bizə aiddir. Artıq Bakıda bir sıra beynəlxalq tədbirlərdə bu barədə məlumat vermiş, əcnəbi qonaq və nümayəndələri samovarda bişən Şirvan şorbasına qonaq etmişik”.
3500 il bundan əvvələ aid samovarın dizaynı və üslubunda hazırlanan metal samovar Bakıda restoranlardan birində tətbiq edilir. Gildən olan qədim samovarın eynisini hazırlamaq çox çətindir, həm də bu, restoran mətbəxi üçün müvafiq deyil. Ona görə də bu gün Bakıda təqdim olunan şorba metaldan hazırlanmış samovarda bişirilir. Şorba, elə qədimdə olduğu kimi, süfrəyə samovarda, isti-isti verilir və boşqablara çömçə ilə çəkilir.
Ona görə də samovarın tarixi ilə bağlı haradasa mübahisəyə şahid olsanız, çəkinmədən “Vətəni elə Azərbaycandır” deyə bilərsiniz. (Süfrə jurnalı)