İdmandan istədiyiniz səmərəliliyi əldə etmək üçün hərəkətləri tam və dəqiq etmək çox vacibdir. Bunun üçün isə enerjiniz yerində olmalıdır. Son zamanlar müxtəlif çeşidləri ilə qarşımıza çıxan, xüsusilə də, izləyicisi çox olan gənc, yeniyetmə sosial şəbəkə fenomenlərinin tez-tez reklam etdikləri hazır enerji içkilərini sağlamlıq üçün təhlükəli hesab edirsinizsə, təqdim etdiyimiz reseptlərlə evdə asanlıqla enerji içkiləri hazırlaya bilərsiniz...
Albalılı enerji içkisi
Mövsümü gələndə həvəslə almağa tələsdiyimiz bir meyvə də albalıdır. Antioksidantlar, fosfor, dəmir və kalsium kimi vacib minerallarla zəngin olan albalını su, limon suyu və nanə yarpağı ilə qarışdırıb içki hazırlaya bilərsiniz.
Hazırlamaq üçün 1 qab albalının saplaqlarını təmizləyib əzdikdən sonra üzərinə yarım stəkan limon suyu, 1 stəkan su və 4-5 nanə yarpağı əlavə edin. Bu içki həm enerji verəcək, həm də həzmi yaxşılaşdıracaq.
Portağal və kakos südlü enerji içkisi
Hüceyrələrinizi yeniləyib sizi təravətləndirəcək bu resept üçün yarım portağal, yarım banan və yarım stəkan kakos südü lazımdır.
Portağal və bananı blendrda əzdikdən sonra üzərinə olduqca yüngül süd olan kakos südünü əlavə edin. Bu içki tərkibindəki sitrus meyvəsi səbəbindən immunitet sisteminizi gücləndirəcək, bananın köməyi ilə enerji verəcək. Xüsusilə, qış aylarında idmandan əvvəl hazırlayıb içməyiniz məsləhətlidir.
Banan və ispanaqlı enerji içkisi
Baharın ən məşhur bitkilərindən olan ispanaq və böyük əksəriyyətin sevdiyi banana sadəcə soyuq su əlavə edib həm isti yaz-yay günlərində sərinləyə, həm də enerji toplaya bilərsiniz.
Belə ki, 3 ədəd yaxşı yuyulmuş ispanaq yarpağı, 1 ədəd banan və 1 stəkan soyuq suyu blendrda yaxşıca qarışdırırsınız. Əldə etdiyiniz içki maqnezium, fosfor və kaliumla zəngin olduğundan idmana enerjili başlaya bilərsiniz.
Zəncəfil və zərdəçallı enerji içkisi
Bu resepti vermədən əvvəl bunu deməkdə fayda var ki, efir yağları ilə zəngin zəncəfil və xüsusilə, ağır yeməklərdə istifadə olunan zərdəçal, yəni sarıkök ədviyyatının hər azərbaycanlının ağız dadına uyğun olmayan fərqli aroması var.
Həm enerji verən, həm də qan dövranını sürətləndirən bu içkini hazırlamaq üçün təmiz yuduğunuz 1 ədəd zəncəfil ilə 1 çimdik sarıkökü 1 stəkan isti suda qaynatmalısınız. Suyunu süzdükdən sonra üzərinə 1 qaşıq bal və soyuq su əlavə edib qarışdırın. İçkinizi nanə ilə də dadlandıra bilərsiniz.
Meyvəli enerji içkisi
1 ədəd alma, 1 ədəd banan, 2 çay qaşığı bal, 1 çay qaşığı darçın, 500 ml laktozsuz süd və 1 litr mineral su ilə də enerji içkisi hazırlamaq olar.
Əvvəlcə, dilimlədiyiniz alma, banan və südü blendrda qarışdırın. Sonra üzərinə 1 şüşə mineral su, 2 qaşıq bal və 1 qaşıq darçın töküb yenidən qarışdırın. Nəhayət, içkiniz hazırdır.
Almalı və bananlı enerji içkisi
1 ədəd alma və 1 ədəd bananı doğrayıb 500 ml laktozsuz südlə blendrdan keçirərək də enerji içkisi hazırlamaq mümkündür. Hazırladığınız içkini tamamlamaq üçün üzərinə 2 çay qaşığı bal və 1 çay qaşığı darçın əlavə edin. Həm sağlamlığa xeyirli, həm də ləzzətli enerji içkiniz hazırdır.
Yulaf və badamlı enerji içkisi
Sadəcə idmandan əvvəl enerji almaq üçün deyil, hər zaman ləzzətlə içə biləcəyiniz içkinin reseptini sona saxladıq.
Bunun üçün 5 ədəd qırmızı almanın suyunu sıxın, üzərinə 1 ədəd doğranmış banan, 1 yemək qaşığı yulaf və 1 ovuc təzə badam əlavə edin. Bütün ərzaqları blendrdan keçirməyiniz məsləhətdir. Təbii enerji mənbəyi olan içkinizdən zövq alın.
Nuş olsun!