Fasiləli oruc nədir, niyə bu qədər məşhur oldu?

Arıqlamağın çətinliyindən qorxub bu arzularını reallaşdırmağı sonraya saxlayan bəylərimiz, gözünüz aydın! Bu məqalədə siz keçən ilin ən məşhur dieti- Fasiləli oruc (“Intermittent fasting”) haqqında öyrənəcəksiniz.
Fasiləli oruc nədir?
Bu qidalanma stilində yeməyin miqdarında heç bir məhdudiyyət yoxdur və hər şeyə nəzəri cəhətdən icazə verilir. Yağ, şəkər və karbohidratların qadağan olunduğu bir çox dietdən fərqli olaraq, bu pəhrizdə heç bir qida qadağan deyil. Əhəmiyyətli olan tək şey vaxtdır. Elə bu səbəbdən də fasiləli oruc insanlar üçün daha asan və cəlbedicidir.
Fasiləli qidalanma trendi haqqında yeni-yeni eşitməyə başlasaq da, əslində, insan orqanizmi tarix boyunca dini, mədəni və ya mənəvi səbəblərə görə oruc tutmağa uyğunlaşıb. Keçmiş dövrlərdə insanlar fasiləsiz yemək tapa bilmədiklərindən mütəmadi oruc tutmalı idilər. Buna görə, insanlar bu orucu, hətta həyat tərzlərinə də çevirə bilərlər.
Nə yediyiniz qədər nə vaxt yediyiniz də vacibdir
Yediyimiz yeməklər orqanizmə daxil olduqdan bir müddət sonra həzm edilməyə başlayır. Qidaların sorulması isə kalorisindən asılı olaraq 3-4 saat ərzində yekunlaşır. Sonra bədənimiz enerji istehsal etmək üçün toplanmış yağları yandırmağa başlayır. Çəkinin azalması prosesi də bu şəkildə irəliləyir.
Ancaq standart pəhrizlərdə ara paylar arıqlamağa mane olur. Çünki orqanizm toplanmış yağı yandırmaq əvəzinə, ara paylarda qəbul etdiyi qidanı yandırmağa başlayır. Fasiləli orucda isə uzun müddət yemək yeyilmədiyi üçün orqanizm enerjisini əvvəlcədən bədəndə toplanmış yağdan təmin edir .
Fasilələrlə tutulan orucda 12-12, 16-8, 24-24 kimi fərqli yemək periodları var.
Əgər 12-12 periodunu seçsəniz, gündə yalnız 2 dəfə qidalanırsınız və bu iki dəfənin arasında 12 saat fasilə olmalıdır. Bu fasilələrdə istədiyiniz qədər su içə bilərsiniz.
16-8 periodunda isə 2 payınızın arasında 8 saat fərq olur və 16 saat hər hansı bir qida qəbul etmirsiniz.
24-24 sistemini tətbiq etdikdə yalnız həftədə bir gün 24 saat yemək yeməmək lazımdır.
Ziyafət və aclıq
Klinik araşdırmalarda bir çox insanın bu pəhrizi düzgün etmədiyi məlum olub. Məsələn oruc günlərində kalori miqdarını 500-dən aşağı saxlamaq lazımdır, lakin bəzən insanlar bunu edə bilmirlər, digər günlərdə isə tamamilə ac qalırlar. Başqa sözlə, bir neçə gün ziyafət çəkib digər günlər ac qalaraq pəhrizdən nəticə gözləmək doğru deyil.
Bu pəhrizin təsirli və sağlam olması üçün fasilələrdə yeyilən yeməklərin qidalandırıcı dəyərləri yüksək olmalıdır. Alimlər fasiləli oruc pəhrizini tətbiq edənlərə balıq və qoz-fındıq kimi təbii yağlar, protein , taxıl və karbohidratlı qidalar, eləcə də kifayət qədər lif, vitamin və minerallar qəbul etməyi məsləhət görürlər.
Pəhrizə nə qədər müddət dözmək mümkündür?
Kalori nəzarəti ilə həyata keçirilən pəhrizlərin hamısı çəki itkisinə səbəb olur. Amma dietin uğurlu olması onun nə qədər uzun müddət davam etdirilməsindən asılıdır.
Müxtəlif pəhrizləri sınayan insanlar karbohidratların heç qəbul edilmədiyi, ya da çox az qəbul edildiyi dietlərdə baxdıqları hər yerdə makaron, Azərbaycan mətbəxinin şahı olan plov gördüklərini etiraf etsələr də, bu pəhrizə başlayandan qidalara qarşı həddindən artıq istək hiss etmədiklərini qeyd edirlər.
Çünki çox vaxt insanlar pəhrizlərini qadağan edilən yeməklərə tamah saldıqları üçün pozurlar. Fasiləli orucda isə heç bir yemək qadağan olunmadığı üçün bu problem yaşanmır.
Hər kəsə uyğun deyil!
Aparılan araşdırmalara görə, fasiləli oruc çəkinin azalmasına kömək edir, nizamlı tətbiq olunanda sağlamlığa da müsbət təsir edir. Xərçəng riskini azaldır, təzyiqi normallaşdırır, 2-ci tip diabetin qarşısını alır və ürək-damar xəstəliklərindən qoruyur.
Ancaq fasiləli oruc pəhrizi bəzi sağlamlıq problemləri olan insanlar üçün uyğun olmaya bilər. Şəkərli diabetdən əziyyət çəkən xəstələr, anoreksiya və ya xroniki xəstəlikləri olan insanlar, hamilə və yeni ana olmuş qadınlar, mədə xorası olanlar diqqətli olmalıdırlar. Bu insanlar yalnız həkim nəzarəti altında oruc tuta bilərlər.






