Respublika Təhsil Şurası yeni layihənin icrasına start verib
Bu barədə Respublika Təhsil Şurası İctimai Birliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, Təhsil Şurası İB Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olub.
Gent.az xəbər verir ki, İctimai Birlik müsabiqəyə “Şagirdin fərdi inkişafının idarə olunması” layihəsi ilə qoşulub. Məlumatda layihənin məqsəd və vəzifələrindən də bəhs olunur. Bildirilir ki, Şagirdlərin (konkret nəzərdə tutulan şagird qruplarından söhbət gedir) fiziki, psixoloji hazırlıqlarına, onların fərdi inkişaflarına nail olmaq, onların cəmiyyətə sağlam vətəndaş kimi addım atmalarının təməllərini yaratmaq istiqamətində müəyyən işlər görüləcək. Bu işin gələcəkdə daha da geniş şagird qruplarını əhatə etməsi üçün hazırlıq işləri aparılacaq. “Hər bir insanın mütəxəssis kimi yetişməsindən öncə, sağlam vətəndaş kimi hazırlanması vacibdir.
Bunun da əsası məhz məktəbdə qoyulur. Layihənin vəzifəsi bundan ibarətdir ki, cəmiyyətə şagirdlərin fiziki, psixoloji hazırlığının, şagirdin şəxsi inkişafının vacibliyi fikrini aşılasın və bu layihənin nümunəsində bu işin əsaslarının yaranmasına dəstək olunsun”, - deyə məlumatda bildirilir.
Məlumatda eyni zamanda qeyd olunur ki, layihənin icrasına müəllimlərlə yanaşı, həkim və psixoloq da qoşulacaq. Layihə Bakı şəhərinin, İsmayıllı, Tovuz və Siyəzən rayonunun seçilmiş bir məktəbində keçiriləcək. Hər bir məktəb layihəyə 20 şagird təmsil olunmaqla bir siniflə qoşulacaq. Həmin siniflərdə uşaqların psixoloji və tibbi diaqnostikası aparılacaq, həkim və psixoloq tərəfindən müvafiq məsləhətlər veriləcək. Sinif rəhbəri isə həkim və psixoloqun rəyi əsasında şagirdin fərdi inkişaf planını hazırlayıb təqdim edəcək.
Layihənin gedişatı haqqında ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.







