Azərbaycanda baş verən ilk böyük devalvasiyadan 9 il ötür.
Gent.az xatırladır ki, 2015-ci ilin fevralın 21-də Mərkəzi Bankın qərarı ilə ABŞ dollarının manata qarşı olan məzənnəsi 0,7862-dən 1,05-ə yüksəldildi.
Bu qərarla dolların məzənnə dəyərində 0,2638 manat, yaxud 33,55 faiz artım baş verdi.
Mərkəzi Bankın belə bir addım atmasına səbəb neftin dəyərinin 3 dəfə aşağı düşməsi və formalaşan yeni qiymətlərin uzun müddət qalacağına dair gözləntilərin artması ilə bağlı idi. Devalvasiya qərarı veriləndə neft qiymətləri 40 dollar səviyyəsinə enmişdi və proqnozlaşdırılırdı ki, yaxın bir neçə ildə qiymətlər ən yaxşı halda 60 dollara qədər artacaq. Neft qiymətlərinin bu qədər enməsi Azərbaycanda maksroiqtisadi sabitlikdə problemlər yaratdığından, həmçinin xarici valyutada gəlirləri və Dövlət Neft Fondunun vəsaitlərini kəskin azaltdığından Mərkəzi Bank hökumətin də məsləhəti ilə devalvasiya qərarını qəbul etdi.
Mərkəzi Bankın neft qiymətləri ilə bağlı gözləntisi özünü doğrultdu və uzun müddət “qara qızıl”ın qiyməti 40-60 dollar intervalında qaldı. Buna görə də 2015-ci ilin dekabrında daha bir və daha böyük devalvasiya qərarı qəbul olundu.
Devalvasiya qərarının qəbul edilməsindən sonra yalnız 2017-ci ildə manatın məzənnəsində sabitliyi təmin etmək mümkün oldu. Dollar manat məzənnəsində sabitlik cari əməliyyatlar balansında 2015-ci və 2016-cı ildə yaranan kəsirin aradan qaldırılmasından sonra təmin edildi.
2013-cü ildə cari əməliyyatlar balansında 12,3 milyard dollar dəyərində, 2014-cü ildə 10,423 milyard dollar həcmində profisit olsa da 2015-ci ildə 222 milyon dollar, 2016-cl ildə isə 1,363 milyard dollar kəsir yarandı. 2017-ci ildə isə kəsiri 1,684 milyard dollar dəyərində profisit əvəzlədi.
Mövcud vəziyyətdə hələlik manatın devalvasiyaya uğraması üçün əsas yoxdur.
sfera.az