Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 21:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Gent.az xəbər verir ki, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev bildirib ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.
A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib: "Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.