Beynimizin bu gün həyatımızın bir hissəsinə çevrilən rəqəmsal dünyadan necə təsirləndiyini heç düşünmüsünüzmü? Beynimiz öz qabiliyyətini və imkanlarını itirir, yoxsa heç bir fərqlilik olmur? Gent.az olaraq bu sualların cavablarını təqdim edirik:
İnsan beyni dünyada yaşayan bütün canlılar arasındakı ən güclü beyin olaraq qəbul edilir. Bir-birinə bağlı yüz milyarddan çox neyron işıq sürətindən daha sürətli əlaqə qurur. Ancaq rəqəmsallaşma və bərabərində gətirdiklərinin həyatımızı işğal etməsi ilə birlikdə bu çox özəl orqanın özünəməxsus qabiliyyətlərini itirib - itirməməsi ciddi müzakirə olunur.
Beyin çevik və şərtlərə asan uyğunlaşa bilən orqandır, dolayısıyla da, o, artıq bəzi əməliyyatları yerinə yetirməyə ehtiyac duymursa, digər xüsusiyyətlərini inkişaf etdirərək balansı qoruya bilər.
Bu səbəbdən, aparılan bəzi elmi araşdırmalar indidən xüsusilə gənclərin beynində bəzi dəyişikliklərin baş verdiyinə işarə edir.
Rəqəmsallaşma
Çox qısa bir müddətdə yaşadığımız cəmiyyətin texnoloji cəhətdən inanılmaz bir sürətlə dəyişdiyini deyə bilərik. Sadəcə 30 illik fərqlə texnologiya televiziyanın kəşfindən dünyanın hər yeri ilə görüntülü danışmağa qədər inkişaf edib.
Bu vəziyyət davranışlarımızı, vərdişlərimizi, işimizi, ünsiyyət tərzimizi tamamilə dəyişdirdi. Buna görə də, insan beyninin fəaliyyəti və ümumiyyətlə, insan anatomiyası dəyişib.
Rəqəmsallaşma beynin funksiyasına necə təsir edir?
Daha əvvəl də vurğuladığımız kimi, beyin asan uyğunlaşma qabiliyyətinə sahib bir orqandır. Bu uyğunlaşma prosesinin bir hissəsi də istifadə olunmayan sinirlərin fəaliyyətini dayandırmasıdır. Yəni illər ərzində rəqəmsallaşma səbəbi ilə bəzi sinir şəbəkələrinə ehtiyac olmasa, onlar mərhələli şəkildə azalıb balacalaşacaq. Buna “tərəqqi paradoksu” da deyilir.
Ancaq bunun mənfi bir şey olmadığını qeyd etmək lazımdır. Çünki bu proses nəticəsində beynimizdə başqa fərqli sahələrə yönəldilə bilən imkanlar və qaynaqlar yaranacaq. Məsələn artıq bir mövzuda müəyyən informasiyanı yadda saxlamağımıza ehtiyac yoxdur. Bununla birlikdə, bu məlumatları necə və haradan əldə edə biləcəyimizi bilməliyik. Eynilə, məsələn, bir mövzuya dair iki fərqli yanaşmanı yadımızda saxlamaq əvəzinə, bu iki yanaşma ilə əlaqəli bütün konsepsiyaların araşdırılması üçün daha çox sayda mənbə əldə edə bilmək imkanına sahib oluruq.
Nəticədə, rəqəmsallaşmanın beynimizi qaçınılmaz bir şəkildə dəyişdirdiyini vurğulamaq lazımdır. Beləliklə, dünyanı qəbul etmək və bu məlumatları emal etmək tərzimiz dəyişir. Ancaq bu, yaşanan prosesin mənfiyə doğru inkişaf olduğu anlamına gəlmir. Biz insan olaraq var olduğumuz müddətcə beynimiz də var olan ən yaxşı kompüter rolunu oynayacaq. Həm də unutmamalıyıq ki, beyni bənzərsiz sosial qabiliyyəti heç bir şəkildə dəyişdirilə bilməz.