Son zamanlar həyatımızı "Zoom" da yaşayırıq desək, yanılmarıq. Bir neçə ay əvvələ qədər video konfrans platformalarından bəlkə də, xəbərdar deyildik, indi isə gündə bir neçə onlayn iclasa qatılmaq məcburiyyətində oluruq. Belə olduğu halda, işə, görüşlərə gedərkən görünüşümüzə diqqət etdiyimiz kimi onlayn toplantılara da diqqətlə hazırlaşırıq. Bu gün sizinlə video zənglərdə yaxşı görünmək üçün 9 tövsiyə paylaşacağıq:
Duş qəbul edin və saçınızı düzəldin
Heç kim sizi kameradan iyləyə bilməz, amma duş qəbul etmək sizi oyadacaq və daha təmiz hiss etməyinizə səbəb olacaq. Saçınızın isə yağlı görünməməsi xüsusi əhəmiyyət kəsb edir, insanlar sadəcə sizin bədəninizin yuxarı və baş hissəsini gördükləri üçün saçınız ön planda olur. Əgər duş qəbul etmək imkanınız yoxdursa, quru şampunlardan, saç şəkilləndirici kremlərdən istifadə etməlisiniz. Kimsə sizi saç formanıza görə günahlandırmasa da, təmiz və səliqəli görünüş insanlarda sizə qarşı müsbət rəy yaradacaq.
Üzünüz canlı görünsün
Eyni qayda üzünüz üçün də aktualdır. Onlayn görüşlərdə dərinizin təmiz, parlaq və canlı olmasına diqqət yetirin. Kamera qarşısına keçmədən əvvəl üzünüzü yuyun, dərini hamarlaşdırmaq və nəmləndirmək üçün nəmləndirici losyondan istifadə edin. Əgər bütün gecə işləmisiniz və yatmamısınızsa, ağardıcı effektə malik göz kremlərindən istifadə edin.
Gözlərinizə fokuslanın
Göz kremlərindən danışmışkən görüşlərə göz altındakı tünd rəngli halqalarla qatılmamalı olduğunuzu da qeyd edək. Görüşünüzün başlamasına 15 dəqiqə qalmış hazır göz altı maskalarından istifadə edin. Əgər maskanız yoxdursa, evdə olan buz kubunu göz altına fasilələrlə tətbiq edin, bu da effektli üsuldur və göz altı şişlərini aradan qaldırır.
Boynunuzu təmizləməyi unutmayın
Karantin vaxtı təraşdan imtina edib saqqal uzatmağa qərar vermiş ola bilərsiniz. Lakin bu səliqəsiz olacağınız mənasına gəlmir. Hələ uzanmaqda olan saqqal yanaq və boyundakı tüklərlə birləşərək səliqəsiz görüntü yaradır. Təraş alətinizdən istifadə edərək kənardakı tükləri götürün.
İşə uyğun paltarlar geyinin
Evdən işləyərkən bir növ öz köynək kolleksiyanızı yenidən kəşf edirsiniz. Video zənglərdə eynilə ofisdəki kimi geyinməyinizə ehtiyac yoxdur, bu, çox qeyri-səmimi görünür. Amma işin ciddiliyini ev mühiti ilə uyğunlaşdırmaq lazımdır. Qalstuk taxmağa ehtiyac olmasa da, düymələri də yarıya qədər açıq saxlamamalısınız. Seçdiyiniz geyimlərin ütülü və təmiz olmasına da fikir verməlisiniz. Şalvar seçimində isə azadsınız.
Eynəklərinizi təmizləyin
Eynəkdən istifadə edirsinizsə, görüş başlamadan öncə onu təmizləyin, ləkə qalmadığından əmin olun. Əks halda danışdığınız insanlar ləkəli eynəklərdən sizin gözlərinizi görə bilməyəcəklər. Unutmayın ki, ən kiçik ləkə belə kamerada açıq-aydın nəzərə çarpır.
Kadr qurun
Əgər ciddi iş görüşməsinə qatılırsınız, amma evdə ofisiniz yoxdursa, əlinizdə olan imkanlardan istifadə edin. Yaxşı işıqlanmış və səsinizin əks-səda vermədiyi otaq seçin. Arxanızda kitab, bitki, dekorativ əşyalar olması daha xoş görüntü yaradır. Video zənglərdə kompüterdən istifadə etmək daha məqsədəuyğundur. Kameranı düz üzünüzə və ya bir az yuxarıya qurun.
İşıqlara diqqət yetirin
Video zənglərdə ən əsas məqamlardan biri işıqdır, işıq oyunu sayəsində daha yaxşı görünə bilərsiniz, daha səmimi mühit yarada bilərsiniz. Ən yaxşı işığı pəncərə kimi təbii işıq mənbələrindən əldə edə bilərsiniz. Əgər bu, mümkün deyilsə, işığın üzünüzə və ya bir az yan tərəfə vurduğundan və arxadan işıq gəlmədiyinə əmin olun, arxadan gələn işıq sizi kamerada qaranlıq göstərəcək. Əgər tez-tez zənglərə qatılırsınız və yaxşı görünmək sizin üçün çox önəmlidirsə, kompüterinizin üst qapağına yerləşdirə biləcəyiniz işıq mənbəyi alın.
Ətirdən istifadə edin
Ətrafınızda kimsə olmayanda ətirdən istifadə etməyi mənasız hesab edə bilərsiniz. Amma ətirlərin yaddaşla birbaşa bağlı olduğu elmə sübut edilmişdir. Yəni iş yerinizdə istifadə etdiyiniz ətir evdə belə sizə oradaymış kimi hiss etdirəcək. Əgər buna ehtiyac duymursunuzsa, yenə də ətirlərdən əl çəkməyin. Sevdiyiniz qoxu sizə özünüzü yaxşı hiss etməkdə kömək edəcək.