Vətən müharibəsində qazanılan qələbə nəinki ölkəmiz, həmçinin dünyanın hərb tarixi üçün də yeni səhifə oldu. Müharibənin taleyini həll edən əsas nüanslardan olan Pilotsuz Uçuş Aparatlarının (PUA) işi bir çox ölkələrin diqqətində oldu. Bu müharibədə dronların hərb tarixində əhəmiyyəti də ortaya çıxmış oldu. Vətən müharibəsində xüsusilə Türkiyə və İsraildən alınan PUA-lar qələbədə böyük rol oynadı. Biz bunu müharibə zamanı Müdafiə Nazirliyinin paylaşdığı videolardan da görə bilərik. Bu videolarda PUA-ların, “kamikadze dron”ların çəkdiyi görüntülər, gördüyü iş göz oxşayır.
Vətən müharibəsinin fəal “iştirakçılar”ı
Müharibədən sonra bu döyüşləri təhlil edən yerli və xarici ekspertlər dronların rolunu xüsusi vurğulayıb. Müasir münaqişələrdə pilotsuz aparatların əhəmiyyətinin artması və onun işinin daha faydalı olması sübut edilir. İllərdir ordu quruculuğunu möhkəmləndirən, döyüş texnikaları, silah alışı həyata keçirən Azərbaycan Pilotsuz Uçuş Aparatlarının işinə ayrıca qiymət verib. Bəzi xarici ekspertlər isə müharibənin taleyini 3 dronun həll etdiyini bildirir: Türkiyənin “Bayraktar TB-72” və İsrailin “Hermes”, “Harop” dronu.
“Bayraktar TB-72”
Müdafiə Nazirliyinin yaydığı videoların əksəriyyətində məhz “Bayraktar”ın işini gördüyümüz iddia edilir. Selçuk Bayraktar tərəfindən yaradılan bu dronun ilk uğurlu uçuşu 2014-cü ilin avqustunda olub.
Rəsmi məlumatlara görə, Azərbaycan Türkiyədən “Bayraktar”ı keçən ilin iyununda alıb. Həmin vaxtdan sınaq uçuşları edən dronun Vətən müharibəsindəki rolu hər kəsə bəllidir. Prezident İlham Əliyev də müharibə dövründə xarici kanallardan birinə verdiyi müsahibə zamanı təkcə Türkiyədən əldə edilən dronlar vastiləsilə Ermənistana 1 milyard dollar dəyərində hərbi ,texnikasının məhv edildiyini açıqlamışdı.
Qarabağ müharibəsində PUA-ların fəaliyyətinə toxunan Rusiyali hərbi ekspert Viktor Muraxovski dronların Ermənistanın Qarabağdakı müdafiə qabiliyyətini xeyli zəiflətdiyini açıqlayıb.
Müharibə dövründə və müharibədən sonra döyüşlərdə PUA-ların əhəmiyyətindən danışan türkiyəli hərbi və aviasiya ekspertləri “Bayraktar”a tələbatın və marağın artdığını etiraf ediblər.
Son zamanlar hərbi əməliyyatlara başlayacağı deyilən Ukrayna da Türkiyədən “Bayraktar” alıb. 2018-2019-cu illərdə qonşu ölkədən 12 dron alan Ukrayna, bu il daha 5 PUA alacağını açıqlayıb.
“Hermes-900”
İsrail istehsalı olan “Hermes-900” pilotsuz uçuş aparatı isə 9100 metr yüksəklikdə, 36 saat fasiləsiz uça bilir. 300 kq yük götürmə qabiliyyətinə məxsus bu dronun ilk uçuşu 2009-cu ildə keçirilib. 2012-ci ildə isə PUA-nın istismarına başlanılıb.
Azərbaycan Dövlət Dəniz Xidməti 2017-ci ildə Xəzər dənizində keçirdiyi təlimlər zamanı bu drondan da istifadə edib.
“Harop” - Düşməni çaş-baş salan PUA
“Harop” isə İsrailin Aerokosmos Sənayesi tərəfindən hazırlanan Pilotsuz Uçuş Aparatı və gəzən silahdır. Maksimal uçuş məsafəsi 1000 km olan “Harop” 6 saat fasiləsiz havada qala bilir. Bu dron radiodalğalara kilidlənərək hədəfi müəyyən edir və özünü həmin hədəfə vurur. Bu dronun bir özəlliyi də odur ki, əlavə döyüş başlığı daşımır və bütövlükdə özü döyüş başlığı hesab edilir. “Harop” nisbətən daha kiçik dron hesab edilir. Bu səbəblə Hava Hücumundan Müdafiə Qüvvələrinin onu müəyyən etməsi daha çətindir. İsrail 2015-ci ildə bu dronun daha kiçik və döyüş başlığı daşıyan versiyasını istehsal etdi.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı bu PUA-dan istifadə edib. bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı.