Doğulduğu Ağdamını görmədən şəhid oldu - "Qarabağ" ordenli polkovnik-leytenant

Hərb3 dəq oxu
Doğulduğu Ağdamını görmədən şəhid oldu - "Qarabağ" ordenli polkovnik-leytenant

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Təkcə ona görə yox ki, müharibədə 30 ilə yaxındır işğalda olan torpaqlarımızı qaytardıq, həm də xalqımız öz qəhrəmanlarını bir daha tanıdı, müasir gəncliyin əzmini, mübarizəsini gördü.
Biz tarixi qələbəmizi düşünmədən könüllü cəhbəyə yollanan, səfərbərlik istəyib, elə ilk gündən döyüşlərə qatılan insanlara borcluyuq. Bizi torpaqlarımıza qovuşdurmaq üçün elə o torpaqlarda canlarından keçdilər. Bizə Vətəni, qanları ilə azad etdikləri torpaqları əmanət edən şəhidlər...
O şəhidlərdən biri də polkovnik-leytenant Mehman Qənbərovdur. İkinci Qarabağ müharibəsinin igid iştirakçılarından olan 39 yaşlı Mehman Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. 5-ci sinifdə təhsil alarkən məcburən çıxdığı doğma Ağdamını görmədən həyata vida edib, Ağdamını işğaldan xilas etmək üçün... Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif edilib.
Şəhidimizin anası Məryəm Qənbərova bildirir ki, müharibənin gedişində Mehmanla danışmaq şansları çox olmayıb, oğluyla son danışığı da yarımçıq qalıb:
“Mehman Füzuli uğrunda döyüşlərdə iştirak edirdi. Döyüş ərzində görüb ki, düşmən üstünlüyü ələ almağa çalışır, könüllü olaraq irəli çıxıb, döyüşə atılıb. Postun birini keçiblər, ikincisində Mehman qəlpə yarası alıb, şəhid olub.
Döyüşlərin ilk günü idi. Zəng etdi, dedi ki, ana, yaxşıyıq, narahat olmayın. Mən də dedim ki, ana qurban, Allah sizə qüvvət versin. Elə bunu deyəndə telefon söndü. Bu hadisənin sabahı da şəhid olduğunu eşitdik”.

Doğulduğu Ağdamını görmədən şəhid oldu - "Qarabağ" ordenli polkovnik-leytenant — şəkil 1

Məryəm xanım deyir ki, Mehman özü hərbçi olmaq istəyib, onlar da onun bu arzusuna qarşı çıxmayıblar:
“Oxumuş, bilikli hərbçi idi. Türkiyəyə təlimə yolladılar, orda da fərqləndi, medalla qayıtdı.
Bizim ailədə peşə seçimi sərbəst olub. Kim hansı yolu istəyib, o yolla gedib, kimsə kiminsə xətrinə dəymək istəməyib. Mehman 11-ci sinfi bitirəndə dedi ki, hərbi məktəbə getmək istəyir, biz də razı olduq. Vətənimiz darda idi, onun bu istəyinə qarşı çıxa bilməzdik. Həmin vaxt atası dedi ki, Vətənə, torpağa sənin kimi adamlar lazımdırsa, bu yolla da get. Getdi oxudu, fərqləndi, təhsil aldıqdan sonra ölkənin bir çox bölgəsində xidmət etdi. Sonda isə belə, Vətəni xilas edərkən qəhrəmancasına şəhid oldu”.
Məryəm ana söyləyir ki, övladının ən böyük arzusu da Vətənlə bağlı olub:
“Hər zaman deyirdi ki, işğalda olan torpaqlara bayrağı ilk mən sancacam, o torpaqlara ilk ayaq basanlardan biri olacağam. Biz ondan bundan başqa arzu, söz eşitməmişik. Ağzından ancaq bu sözlər çıxırdı. Ailəsiylə qısa müddətlik görüşməyə gəlirdi, onda da deyirdi ki, bircə arzum var, bayrağımızı o torpaqlarda mən dalğalandırım”.
Şəhid hərbçimizin uşaqlığını xatırlayır anası, xatırladıqca da kövrəlir, səsi tutulur:
“Oturub günlərlə uşaqlığından danışa bilərəm. Hörmətli, böyük-kiçik yerini bilən, oxumağa həvəsli uşaq idi. Müəllimləri hər zaman ondan razılıq edərdi. O, 5-ci sinifdə oxuyanda Ağdamdan çıxdıq, çətinliklərlə böyüdü, təhsil aldı. 11-ci sinfi bitirəndə də qərarını verdi, biz də arxasında durduq. Oxudu, xidmət etdi, işində də hörmət qazandı. Onun kimi bir insanın yoxluğu xalqımız üçün itkidir”.

Doğulduğu Ağdamını görmədən şəhid oldu - "Qarabağ" ordenli polkovnik-leytenant — şəkil 2

Mehmanın iki yadigarı var. Şəhidimizin iki azyaşlı oğlu ilə bağlı arzuları da yarımçıq qalıb:
“Arxasında iki övlad qoydu getdi. Ataları ilə danışanda ikisi də deyirdi həkim olacağıq. Mehman da qürurla söyləyirdi ki, deməli mən iki həkim atası olacam. Övladlarının xoş gününü görə bilmədi, onlarla bağlı arzularını gerçəkləşdirməyə fürsəti olmadı”.
Kədərinə baxmayaraq, qələbədən danışanda şəhidimizin anası özünü toparlayır. Deyir torpaqlarımızın qayıtması bizə təsəllidir:
“Qələbə ilə bağlı hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Görün mənə neçə zərbə dəydi. İllər əvvəl torpağımız əlimizdən alınmışdı, indi övladımı itirdim. Amma şükür edirəm. Şükür ki, heç olmasa torpağımız alındı. Şükür ki, övladlarımızın qanı yerdə qalmadı”.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan