Astara rayonunda ailə münaqişəsi zorakılıqla nəticələnib.
Gent.az xəbər verir ki, hadisə rayonun Rüdəkənar kəndində baş verib. 53 yaşlı Nəcəf Qəribov (ad və soyad şərtidir) axşam saatlarında spirtli içki qəbul etdikdən sonra həyətdə saxladıqları inəklərdən birini sataraq Bakıya işləməyə getmək istədiyini həyat yoldaşına bildirib.
Qadının bu təklifə etiraz edərək, “Sən mənim üçün inək almamısan ki, satasan” deməsi tərəflər arasında mübahisəyə səbəb olub. Mübahisə zamanı kişi əsəbiləşərək arvadına yumruq, sillə və təpiklə zərbələr endirib. Nəticədə qadın yüngül xəsarətlər alıb.
Zərərçəkən qadın Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat verib. Faktla bağlı Nəcəf Qəribov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanıb.
Lakin qadın sonradan ifadəsində həyat yoldaşı ilə barışdığını, ona qarşı şikayətinin olmadığını bildirərək işə xitam verilməsini xahiş edib.
Astara Rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Nəcəf Qəribov cinayət məsuliyyətindən azad olunub.


