Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Qarabağ xalçalarına – “Xanlıq”, “Xan Qarabağ” və “Xantirmə” - aid naxışların olduğu ipək şərflər təqdim edib.
Qarabağ xalçaçılığı YUNESKO-nun şifahi və qeyri-maddi irsinin şah əsərlər siyahısına Azərbaycan xalçaçılığının tərkib hissəsi kimi daxildir.
Qarabağda xalçaçılıq xüsusən XVIII əsrdə inkişaf edib, Şuşa həmin dövrdə bu sənətin mərkəzi halına gəlib. Qarabağ xalçaları təkcə Azərbaycanın digər bölgələrində deyil, həm də Şərq ölkələrində istehsal edilən oxşar məmulatlar arasında həmişə öz gözəlliyi, rəng uyğunluqlarının ahəngi və ornamentlərilə seçilib. Qarabağ xalçalarının məftunedici zərifliyi Azərbaycanın hüdudlarından uzaqda bu sənətin qədir-qiymətini bilənlərin diqqətini cəlb edib, beynəlxalq mükafatlara layiq görülüb.
G. Xəlilova deyib: “Azərbaycan əsrlər boyu öz incəsənətilə məşhur olan, xalçaçılığın haqlı olaraq qabaqcıl yer tutduğu diyardır. Xalqımız üçün xalçaçılıq onun zəngin mənəvi dünyasını, dünyagörüşünü və estetikasını əks etdirən mədəniyyət sahəsidir. Müxtəlif milli xalçaçılıq məktəblərinin məmulatları bir çox tarixi kitablarda, klassik ədəbiyyatda və folklorda mədh edilib, lakin xüsusi rol Qarabağ xalçalarına aiddir. Buna görə də növbəti layihəmi bu sahəyə həsr etmək qərarına gəldim”. G. Xəlilova bunadək Qarabağa həsr olunmuş kolleksiyalar təqdim etmişdi – “Xarı bülbül”, “Qarabağ”, “Qarabağ Azərbaycandır”.