Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Xalçaların dili", "Qurama" və "Turan" adlı üç kolleksiyası TÜRKSOY-un 30 illiyini qeyd edən beynəlxalq festival çərçivəsində sentyabrın 20-dən 26-dək Özbəkistan və Qazaxıstanda təqdim olunacaq.
Gent.az xəbər verir ki, "Türk dünyasının Etnomodu" VI Beynəlxalq həftəsi Fərqanədə başlayacaq Türküstanda davam edəcək. Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak edəcəklər.
Gülnarə Xəlilova-Azərbaycan milli geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.