Qardaşı həbsə düşən bir çox məşhur xanım ifaçılar var – Aygün Kazımova, Aybəniz Haşımova, Nazənin və daha başqaları… Əksəriyyəti isə narkotik istifadəsi və satışı, eləcə də dələduzluq etməsi səbəbi ilə həbs olunur. İctimaiyyət onların hər hansı bir əməl törədərkən əsasən bacılarının məşhur olmasına güvənərək bu riskə getdiyini deyir. Sanki Xalq artisti olan bacı qanunların fövqündədir.
Gent.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa deyib ki, hər kəs etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir.
Deputat həmin şəxslərin həbsdə olmasının artıq bir göstərici olduğunu qeyd edib:
“Əslində, onların həbsdə olması onu göstərir ki, kiməsə arxayın olub hansısa bir addım atmağın mənası yoxdur. Kimsə hansısa bir əməl törədirsə, onun məsuliyyətini də özü daşıyır. Ona görə də bunun nə Xalq artist adı ilə, nə sənətdə bir mövqe tutmaqla əlaqələndirmək doğru olmaz”.
Deputat deyib ki, qanun hər kəs üçün eynidir:
“Qanun qarşısında hamı bərabərdir. Kimliyindən asılı olmayaraq əgər həmin adam narkotik aludəçisidirsə, yaxud vətəndaşlara qarşı dələduzluq edibsə, məsuliyyətə cəlb olunur və bunun vəzifə, eləcə də başqa meyarlarına baxılmır”.
Xatırladaq ki, Xalq artisti Aybəniz Haşımovanın qardaşı Şaiq Həsən oğlu Həşimov Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.
Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.