Gəmi-restoranlar bir sıra məşhur ölkələrin, xüsusən çay, dəniz, okean kimi su hövzələrinin kənarında yerləşən paytaxt şəhərlərin turizm və restoran sənayesinin, on illərdir, özünə yer etmiş vizit kartıdır.
Yəqin ki, Moskva, Sankt-Peterburq, İstanbulda olanlar dənizdə, çayda suya açılan dəbdəbəli və ya sadə gəmi-restoranları görüblər. İnsanlar sahilboyu bir neçə yerdə dayanacağı olan bu gəmilərə minərək həm şəhərdən uzaqlaşıb istirahət edir, həm də yemək yeyə bilir. Elə gəmi-restoranlar, iri yaxtalar var ki, orada hətta ad günü, toy, banket də qeyd etmək mümkündür.
Artıq dünyada tələbatlı bir sahəyə çevrilən üzən restoranlar yeni status, konsepsiyalar qazanır, getdikcə daha çox dəniz, su mənbəyini əhatə edir və turistik ekskursiya missiyasını öz üzərinə götürür.
Tarixi
Gəmi-restoran öz konsepsiyasını gəmi mətbəxindən götürüb. Ən kasıb, hətta quldur gəmilərində də komanda üçün yemək hazırlayan mətbəx və aşpaz heyəti mütləq olub. Gəmiçiliyin, dəniz donanmasının inkişafı nəticəsində bu kiçik mətbəxlər daha funksional, müasir mətbəx avadanlıqları ilə təchiz olunmağa başladı.
Dəniz marşrutları ilə səfər edən sərnişinlər, turistlər XX əsrin əvvələrindən başlayaraq gəmidə sahildəki restoranlardan fərqlənməyəcək şəkildə yemək sifariş edə bilirdilər.
Əfsanəvi “Titanik” filmini xatırlamaq kifayətdir ki, sərnişinlərin naharı üçün gəmidə açılan möhtəşəm zal, bahalı menyu, canlı orkestr belə göz önündə canlansın.
Əvvəlcə iri dəniz hövzələri, limanları yaxınlığında suda stasionar restoranlar açılıb. Bu, təxminən XX əsrin əvvələrində Avropanın bir sıra sahilyanı şəhərlərində baş tutub. Gəmi-restoran üçün istismar ömrünü artıq başa vurmuş bərə, qayıq, gəmilər seçilirdi. Adətən bu gəmilər ya su kənarında olurdu, ya da sahildən bir qədər aralanaraq, sadəcə, suyun içində lövbər salıb dayanırdı. Mətbəxi isə daha çox dəniz məhsullarından ibarət olurdu.
Hazırda Avropanın əksər ölkələri – İngiltərə, Fransa, Almaniya, Niderland, İsveçrə çoxlu sayda gəmi-restoranları ilə məşhurdur.
Moskva, Sankt-Peterburqda isə 12 ildir ki, suda üzən restoranlar açılıb. Türkiyənin əksər iri şəhərlərində 1980-ci illərdən zəngin iş adamlarının yatırımı ilə üzən kafe və restoranlar fəaliyyət göstərir.
Çox bahalı və məsuliyyətlidir
Su restoranlarının 2 növü var: üzən və stasionar. Bu restoranlar biznesin açılması üçün tələb olunan qanunlardan tutmuş işin təşkili, restoranın görünüşü və statusuna kimi fərqlənir.
Üzən restoranlar sərnişin gəmisində, teploxodda, laynerlərdə açıla, eləcə də üzən konstruksiyalar üzərində müxtəlif materiallardan hazırlana bilər.
Stasionar isə debarkaderlərdə açılır, amma onlar üzmür və daimi ünvana malik olurlar.
Mövsümi olaraq, yaz və yayda işləyən, lakin hətta buzları yara-yara da üzərək müştərilərini qəbul edən gəmi-restoranlar var.
Gəmi restoran açmaq üçün iki komanda lazımdır: kapitan, matros, şturmandan ibarət gəmi heyəti, digəri də restoran, aşpaz heyəti. Ona görə də bu biznes olduqca yüksək xərc, yatırım tələb edir. Digər tərəfdən gəmi-restoran təhlükəlidir. Əgər mətbəxdə yanğın, qəza, texniki problem olarsa, müştəriləri quruda yerləşən restorandakı qədər asanlıqla təxliyyə etmək mümkün deyil. Bu işin məsuliyyəti, cavabdehliyi çoxdur və tarixdə gəmilərin güclü yanğın nəticəsində batması faktlarına da az rast gəlinmir.
Ona görə də restoranın müştəriləri gəmiyə mindikləri andan sərnişin sığortası olunur.
Dünyanın ən məşhur üzən restoranları:
Böyük Britaniyanın ən məşhur üzən restoranı “PS Tattershall Castle” 1934-cü ildə tikilib və Birinci Dünya müharibəsindən sonra suya buraxılıb.
BƏƏ-nin ən məşhur üzən restoranı “Rustar Dhow”nun okeana çıxışı var.
Niderlandda “Sea Palace” adlı nəhəng üzən restoran qədim Çin memarlığı üslubundadır.
Hindistanın “Kettuvallams” adlı qayıq-evləri dünyada üzən mehmanxanalar kimi məşhurdur. Onlarda restoran da fəaliyyət göstərir.
Almaniyanın “BBQ Donut” restoranı göldə üzür. Almanlar burada sevimli sosiska yeyib, pivələrini içib dincəlirlər.
Honkonqun əfsanəvi “Jumbo Floating” restoranı, dizaynı və interyerinə görə, şəhərin incisi hesab olunur.
Türkiyənin “Ottoman Club və Catamaran” üzən disko və restoranı Avropada ən böyük gəmi-restorandır. Kəmər rayonunun sularında da üzmək üçün icazə alan bu gəmidə toy etmək, hətta gəlin maşınını gəmiyə salmaq mümkündür.
Moskvada “Lastoçka” teploxodu paytaxtın ən məşhur modelləri, futbolçuları, biznesmenlərinin gəldiyi yerdir.
Sankt-Peterburqda azərbaycanlılara məxsus “1001 gecə – Şərq Nağılı” (“1001 ночь – Сказка Востока”) gəmi-restoranı də dadlı mətbəxi ilə tanınır.
Neçəyə başa gəlir?
Gəmi-restoran hərəkətə başlayan kimi, sərnişinlərin sayından asılı olaraq, bir saata görə qiymət təyin edir. Müştəri nə qədər çox olarsa, qiymət o qədər aşağı olar.
Təbii ki, bu, kiçik şəhərlərə aiddir. Böyük şəhərlərin müştəri problemi yoxdur.
Üzən restoranda qiymətlər 200-3000 dollar civarında dəyişir.
Xəzərdə üzən gəmi
Gözəlliyi ilə Avropa şəhərlərindən geri qalmayan Bakını həmayıl kimi əhatə edən Xəzərdə hələlik üzən restoranımız yoxdur. Bakı qədimdən liman şəhəri olub. Mütəxəssislərin bir qismi Xəzərdə havanın çox vaxt küləkli, dəyişkən, dənizin dalğalı olduğuna görə gəmi-restoranda masa qurub yemək yeməyin asanlıqla başa gəlməyəcəyini bildirsə də, dünya ölkələrinin təcrübəsində hətta okeana çıxan restoran-laynerlərin olmasını əsas götürsək, Xəzərdə də bunu həyata keçirməyin mümkünlüyü qənaətinə gələ bilərik. (Süfrə jurnalı)