Məşhur Mişlen gidinin simvoluna baxanda avtomobil şini brendinin simvolunu görmək olur.
İlk baxışdan insanı çaşdırır. Şin hara, restoran hara, ulduz hara? Amma bütün bunlar bir ailəyə, bir brendə məxsusdur.
Necə yaranıb?
Mişlen gidi ilk dəfə 1900-cü ildə yaranıb. Avtomobil şini brendinin sahibi olan Mişlen qardaşları əvvəlcə qırmızı bələdçi kitabçası dərc etməyə başladılar. Burda ölkəyə səfər edən əcnəbi və turistlərin gedə biləcəyi restoranlar, kafelər, otellər, istirahət yerləri haqqında informasiya toplanmışdı.
Bələdçinin ideya müəllifi Andre Mişlen idi
Gid sonradan dünyanın ən yaxşı restoran, kafe, aşpaz və məkanların təhlilini aparmaqla məşğul oldu. Kitabça pulsuz paylanılırdı və qısa müddətdə populyarlaşdı.
1920-ci ildən artıq pulla satılmağa başlandı. Elə həmin vaxtdan da kitabçada restoranlar reytinqə görə qruplara bölündü. Yüksək keyfiyyətli və fərqli menyulu, bahalı restoranların adının qarşısında çiçək şəklində bir ulduz işarəsi qoyuldu. Bununla da restoranların ulduzlaşma dövrü başladı.
1926-cı ildə gid ulduzlama strategiyasını dəyişdi və bahalı, elit restoranları yox, daha maraqlı, fərqli, keyfiyyətli, insanların haqqında çox danışdığı restoranları ulduza layiq görməyə başladı. Artıq 3 ulduz sistemi tətbiq olundu.
Hər il 3 ulduzlu Mişleni əldə etmək üçün dünyanın qastronomik mərkəzləri, paytaxtları yarışa çıxır.
Hazırda 3 ulduz olan restoranlar Fransa, İtaliya, İspaniya və Yaponiyada var. Tokio 3 il ard-arda 3 ulduzu əldə edərək, Parisi geridə qoyub.
Restoranlara ulduz verilməsi qaydası sirdir
Mişlen restorana və şef aşpaza verilə bilər. Əgər aşpaz həmin restorandan çıxarsa, ulduzunu da özü ilə aparır. Mişlen ulduzu verdiyi kimi, onu geri almaq hüququna da malikdir. Tarixdə ulduzunu itirmək təhlükəsi ilə üz-üzə qalan restoran və aşpazların faciəli sonluğu ilə bağlı faktlar çoxdur. Məsələn, fransız şef-aşpaz Bernar Luazon ulduzunun alınacağını eşidəndə rüsvay olmağa dözməyərək intihar etmişdi.
Son 10 ildir ki, Mişlen komandası daha çox müəllif mətbəxi olan aşpazları və restoranları seçir
Anonim və şəffaf
Mişlen qərargahı il ərzində mətbəxi, yeməkləri barədə çox təriflər gəzən restorana istənilən vaxt, xəbər etmədən gizli müştərilər göndərir. Onlar restoranın dizaynı, avtomobil dayanacağı yerindən tutmuş səliqəyə, xidmətə və nəhayət yeməklərin dadı, özəlliyi, dizaynına kimi hər şeyə diqqət yetirib qeydlər aparır.
Həmin yerə il ərzində 3 dəfə gizli səfər olunur. Sonra bütün qeydlər incələnir və ulduz verilib verilməməsi müzakirə edilir.
Ulduzların mənası
1 ulduz – öz kateqoriyasında mətbəxinə görə ən yaxşı restoran
2 ulduz - əla mətbəx, hansı ki, öz ölkəndən, marşrutundan kənara çıxıb, bura gəlməyə dəyər
3 uduz – mükəmməl, orijinal, yaradıcı yanaşma ilə seçilən yüksək mətbəx
Beləliklə, Mişlen daha çox yüksək mətbəx reytinqini təyin edir. Əgər bir aşpazın, bir restoranın 3 mişlen ulduzu varsa, deməli, orda nahar etmək üçün azı 2 ay öncədən növbəyə yazılmaq lazımdır.
Belə restoranlarda sizi nə gözləyə bilər?
- Ən adi püredən tutmuş yumurta içində arağa kimi.
- Qiyməti 120 avrodan başlayan cücə qovurması
- Ağızda əriyən ət
- Köpük desert
- Mamırlı ağac gövdəsi parçası üzərində tərəvəz raqusu
Sən Azərbaycandan çıxıb dünyanın ən yaxşı 3 ulduzlu Mişlen ulduzlu restoranına gedə bilərsən. Amma sən ordan ya gözlərin heyrətdən böyümüş halda çıxacaqsan, ya da yarıac və narazı.
Çünki hazırda trenddə molekulyar və miniatür mətbəxdir. Hər bir reseptin icadının arxasında müəllif əməyi və fərqli beyin dayanmalıdır.
Mişlen ulduzlu restoranlar barədə gülməli bir fikir də məşhurdur. “Əgər sən Mişlenli restoranda yeməyə gedirsənsə, əvvəlcə yaxınlıqdakı McDonaldsda qarnını doyur”.
Mişlen və Azərbaycan...
Əlbəttə, gələcəkdə bu baş verə bilər. Çünki Mişlen keçmiş postsovet respublikalarını da hədəfləyib. Mişleni qazanmaq üçün restoranlar yüksək mətbəx standartlarına uyğun olmalı, aşpazlar isə minlərlə insanın, xüsusən turistlərin heyrətlə bəhs etdiyi yeməyin müəllifi olmalıdır. (Süfrə jurnalı)