Fitneslə bağlı yaranan sualları cavablandırmağa davam edirik.
Gent.az kilo almaq və həcm qazanmaq barədə danışacağıq:
Fitneslə məşğul olaraq kilo almaq mümkündür?
Əlbəttə ki, fitneslə çəkinizi artıra bilərsiniz. Həyat tərzinizi yaxşılaşdıranda bədəninizdəki həzm sistemi fəaliyyətləri də yaxşılaşacaq, gündəlik aktivliyinizə fitnesi də əlavə etdikdə maddələr mübadiləsi sürətlənəcək, bu da sizdə aclıq hissi yaradacaq və sağlam qidalanmanı seçməyin də bədənə müsbət təsiri olacaq. Zamanla yaratdığınız yuxu, qidalanma, idman rejimi sayəsində sağlam bir şəkildə kilo ala biləcəksiniz.
Bədəni həcmləndirmək üçün məşq saatı önəmlidir?
Həcmlənmə deyəndə prioritetimiz yuxu, məşq və istirahət dövrləridir. Bunları tarazladığınız halda nəticə əldə edə bilməməyiniz çox kiçik ehtimaldır, amma bədənin bioloji vaxtına görə 16:00-19:00 məşq üçün daha səmərəli hesab edilir. Buna baxmayaraq, hər kəsin yaşadığı həyat özünə görə gərgin və streslidir. Buna görə, hazırkı həyatda ilk seçiminiz əvvəlcə məşqlərinizin davamlılığını pozmamaq, sonra yaxşı hiss etdiyiniz saatlarda məşq etməkdir.
Əzələli olmaq istəyən arıq biri necə qidalanmalıdır?
Əvvəlcə, yaşadığınız həyatı nizamlamaq təklif edilir, çünki bədən bir sistem içərisində irəliləyir və gündəlik həyatınızı nizamlayaraq bu sistemi davam etdirsəniz, bədəninizdəki problemlərin azalacağını hiss edəcəksiniz.
Kilo almaq istəyəndə bir gün ərzində sərf etdiyiniz kaloridən çox kalori istehlak etməyi hədəfləməlisiniz. Və burada diqqət etməli olduğunuz ən vacib məsələ düzgün, planlı qidalanmadır. Sizə uyğun məşq proqramı çərçivəsində hər kiloya düşən protein, yağ və karbohidrat qəbulunu artırmağınız kifayət edəcək.