Norveçli rəssam Edvard Munkun "Haray" əsəri öz-özlüyündə tamaşaçılar arasında mifik dəhşət doğurur və bu səbəbdən də bir çox əfsanə ilə əhatə olunub. Bu rəsmin qisas ala biləcəyinə inanılır və sənət qalereyasına gələnlərdən kiminsə ona toxunduğunu sevmir.
Gent.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə esoreiter.ru yazır.
Ancaq şəkildə qəribə bir yazı da var ki, belə bir bədii əsər yalnız bir dəli tərəfindən yarana bilər. Yazı çox kiçikdir və buna görə mütəxəssislər də dərhal onun fərqinə varmayıblar.
Buradaca tədqiqatçıların fikri dərhal haçalanıb. Bəziləri bunun sənətkarın öz əl işi olduğuna inansa da, bəziləri belə bir vandalizmin Norveçdə bu sənət qalereyasına təsadüfən gələn bir qonağın işi olduğunu iddia edib.
Və bu mübahisələr illərlə - ta ki bu yaxınlarda elm adamları infraqırmızı taramanın köməyi ilə sirli qeydin əlyazmasının Edvard Munkun özünə aid olduğunu (gündəlikləri və məktubları ilə müqayisədə) müəyyən edə bildiyi vaxta qədər davam edib.
Və dərhal da sənətçinin bu qeydi nə vaxt və nə üçün etməsi ilə bağlı nəzəriyyə doğulub. O nəzəriyyəyə görə, qeyd tibb tələbələri qarşısında "Haray"ın nümayişindən sonra ortaya çıxıb. Onlardan biri şəklin yalnız bir dəli tərəfindən çəkilə biləcəyini qeyd edib edib. Bunu eşidən sənətkar, sözün əsl mənasında tələbənin ifadəsini bir qələmlə rəsmə əlavə edib.
Onun niyə belə etdiyini isə heç kim bilmir. Munkun yaradıcılığını tədqiq edənlər ailəsində belə hallar olduğu üçün əslində onun dəli olmaqdan çox qorxduğuna inanırlar. Yəqin ki, onu dəlilik əleyhinə bir talisman kimi o dəhşətli sözü kətan üzərində yazmağa sövq edən də budur. Bu vəziyyətdə həmin qeyd yalnız son "nöqtə" ola bilər ki, mənası da yalnız Munkun özü - ekspressionist sənətkar və eyni zamanda mistik üçün aydın olub. Bu, sənətkarın əsərinin tədqiqatçısı May Britt Gülenqin fikridir.
Qeyd edək ki, Norveç rəssamı və qrafiki, ekspressionizmin nümayəndələrindən biri Edvard Munkun (1863-1944) yaradıcılığının əsasını ölüm, tənhalıq və eyni zamanda həyat eşqi təşkil edir.
"Haray" əsəri ön planda affekt vəziyyətindəki adamı təsvir edir. O, əlləri ilə qulaqlarını qapayaraq ətraf səsləri eşitmək istəmir və reallıqdan qopmaq istəyir. Fiqur qabarıq əyri xətlərlə təsvir olunub. Qəhrəmanının ruhi vəziyyətini müəllif forma və rənglərin təhrifi ilə verir. Əsas cizgilər tam verilməsə də, dəhşət hissinin aydın təsviri var. Mərkəzi fiqurdan uzaqlaşan adamlar isə onun tənhalıq hissini daha da dərinləşdirir. Munk səmanı narahat, narahatlıq aşılayan qırmızı, yaşıl, krem rəngli zolaqlarla çəkib.
Bu əsər reallığın obrazından çox onun haqda sadəcə təsəvvür yaradır. Rəssamın əsərlərini uşaqlıq, yeniyetməlik travmalarının sublimasiyası kimi də qəbul etmək olar.
Əsərin yaranma səbəbi haqda Munk öz gündəliklərində yazır: "İki dostumla cığırla gedirdim. Gəzintiyə çıxmışdım. Günəş qüruba yaxınlaşırdı. Məni həzin qüssə bürüdü. Birdən səma qan rəngli qırmızı rəngə boyandı, dayandım və hasara söykəndim. Mən qana, göy-qara fyord (ensiz, dərin yamacları dik və qayalıq olan dəniz körfəzi) və şəhər üzərindəki alov dilimlərinə baxırdım.. Dostlarım yola davam etdi, mən isə yerimdə donub qalmışdım. Qorxudan titrəyərək təbiətin dəhşət dolu çığırtısını sanki bütün qəlbimdə eşidirdim".