Adətən, insanlar utancaqlığı həyalılıq, ürkəklik və ya çəkingənlik olaraq qəbul edirlər. Elmdə isə utancaqlıq, ümumiyyətlə, insanlardan yayınmaq meyli deməkdir.
Elm adamları utancaqlığın ən azı qismən irsi olduğunu bildirən fərziyyəni dəstəkləyən bəzi genetik məlumatları təyin ediblər. Bu məsələdə sizin introvert, yoxsa ekstravert olmağınız da əhəmiyyətli rol oynayır.
Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Bu tipə məxsus olan insanlar, əsasən, əyləncə adamları kimi tanınırlar. Onlar rahatlıqla insanlarla ünsiyyətdə ola bilir, tez dostluq qurmağı bacarır, enerjilərini xarici mühitlərdə sərf etməyi sevirlər. Ekstravertlər ictimai fəaliyyətlərdə çox aktiv tipin nümayəndələridir. Bu tipə məxsus olan insanlar utancaqlıqdan çox uzaq olurlar.
Introvertlər isə cəmiyyətdən qaçan, adamlar arasında uzun müddət qaldıqda bundan yorğunluq keçirən, tək, müstəqil fəaliyyət göstərməyi xoşlayan insanlardır. Bu tipə məxsus olan insanlar, əsasən, sakit, təkliyi sevən, çox düşünən, yalnız özünə zaman ayırmağı sevən insanlardır. İntrovertlər tanımadıqları insanlarla çox ünsıiyyətdə olmağı sevmir, buna görə onların ətrafında çox dostları olmur - sadəcə özlərinə yaxın bildikləri əsas insanlar olur. Bu insalar danışma əvəzinə yazmağa üstünlük verirlər və bu səbəbdən çox yaxşı dinləyici kimi tanınırlar. İntrovert insanlar daha çox içlərinə qapanıq olurlar. Onlarda utancaqlıq tez-tez müşahidə olunur.
Utancaq insanlar öz utancaqlıqlarını mənfi bir xüsusiyyət kimi qəbul etməyə meyllidirlər və bir çox insanlar utancaqlıqlarından narahatdırlar. Bəs utancaqlığa qalib gəlməyin yolları varmı, varsa, nələrdir?
Hər kəslə ünsiyyətdə olmaq məcburiyyətində deyilsiniz. Utancaqlıq normal haldır. Amma utancaqlığınız səbəbindən bəzi fürsətləri qaçırtdığınızı düşünürsünüzsə, davranışlarınızı kontrol altında tutmağınız daha məqsədəuyğundur.
Səbəbini araşdırmaq lazımdır
Hər hansı bir problemi həll etmək istəyirsinizsə, birinci səbəbi müəyyləşdirməlisiniz. Nə zaman utanırsınız, bu sizdə hansı hadisədən sonra yaranıb, utananda necə hiss edirsiniz və s. suallara cavab tapmaq səbəbi araşdırmağa kömək edəcək.
Lazımsız düşüncələrinizdən xilas olmalısınız
Utancaqlıqla iç-içə yaşamaq çətin bir duyğudur. Ətrafdakı insanların gözündə utanılacaq vəziyyətə, axmaq vəziyyətinə düşmək, onlar tərəfindən rədd edilmək ya da aşağı görünmək qorxusu sizi qorxutmasın. Utancaq insanlar daim pis düşüncələrlə özlərini daha çətin vəziyyətə salırlar. Ətrafdakıların fikirləri sizin üçün prioritet olmamalıdır. Hər kəs nəyisə səhv edə bilər, pis vəziyyətə düşə bilər. Bunun üçün utanmağa ehtiyac yoxdur.
Bu mövzuda danışmaqdan çəkinməyin
Psixoloqlar utancaqlıqdan qurtulmağın yolunun utancaqlıq haqqında bol-bol danışmaqdan keçdiyini bildirir.
Məsələn, yeni bir mühitə daxil olmaq sizin utancaqlığınıza səbəb olursa, qorxmayın. Dostunuzla və ya sevdiklərinizlə yeni işlərə, sahələrə daxil olmağa çalışın. Komfort zonanızdan çıxın. Həqiqətən istəsəniz, utancaqlığa qalib gələ bilərsiniz.
Dostlarınızdan kömək istəyin
Əgər özünüzü insanlarla tanış ola bilməyəcək qədər utancaq hiss edirsinizsə, daha ünsiyyətcil və sosial bir dostunuzdan bu mövzuda kömək istəməyiniz çox məntiqli olacaq. Dostunuzun sizi yeni insanlarla tanış etməsini təmin etməlisiniz. Tanıdığınız birinin yanında özünüzü daha güvəndə hiss edəcəyiniz üçün yavaş-yavaş utancaqlığı hiss etməməyə başlayacaqsınız.
Fərqinizi ortaya qoyun
Utancaq birinin başqalarının diqqətini çəkməsi üçün bir az fərqli olması lazımdır. Cəmiyyət içində nəzərə çarpacaq bir xüsusiyyətinizi önə çıxarın. Bu başda sizi qorxuda bilər, amma bu hissə qalib gəlmək istəyirsinizsə, bunu etməlisiniz. Qarşınıza çıxan heç bir şey sizi qorxutmasın.
Siz bir addım atın
Utancaq kişilərin ən başlıca problemi tanış olduqları, ya da söhbətə başladıqları ilk zamandır. Bu utancaqlığınızın qarşısını almaq istəyirsinizsə, insanlara bir addım atın, bir sual verməklə başlaya bilərsiniz. Qarşınızdakı adam sizə sual verməyə başlayanda artıq ünsiyyət yaranmış olacaq. Bəzi şeylər bölüşdükdən sonra utancaqlığınız müəyyən qədər azalacaq.
Hər zaman insanlardan qaça, tək qala bilməzsiniz. Siz sosial varlıqsınız, sizi şəxsiyyət edən sosial həyatınızın olmasıdır. Utancaqlıq isə güclü sosial əlaqələrin və sosial həyatın başlıca düşmənidir. Düşmənə qalib gəlmək isə sadəcə sizin əlinizdədir.