“İrşad Electronics”in Marketinq direktoru ilə 30 dəqiqə
TANITMA
Əli Bədəlov, “İrşad Electronics”in marketinq departamentinin direktoru
Doğum tarixi: 04.01.1984
Doğum yeri: Bakı
Təhsili: Tam Ali
Ailə vəziyyəti: Evlidir, 2 övladı var
“İrşad Electronics”in qısa müddətdə brend şirkətə çevrilməsində orda çalışan insanların xüsusi rolu olub. Müştərilərlə davranışdan tutmuş sərfəli paketlərin təqdim olunmasına qədər – hamısı insan əməyinin, işgüzarlığın və ağıllı siyasətin nəticəsidir. Bu mənada əsas yük, heç şübhəsiz, şirkətin marketinq direktorunun da üzərinə düşür. Həmin şəxs isə çoxlarının yaxından tanımadığı Əli Bədəlovdur.
- Neçə ildir marketinq sahəsindəsiniz?
- Bu sahədə 15 ildir çalışıram. Təcrübəm əsasən yerli bazara aiddir, amma müxtəlif beynəlxalq təcrübə proqramlarında iştirak etmişəm. Ölkənin aparıcı şirkətlərində çalışmışam.
- Sirr deyilsə, hansı şirkətlər?
-15 illik təcrübəmin 8 ilindən çoxu bank sektoruna aid olub. Karyerama da bankdan başlamışam. İlk olaraq “Bank of Baku”da işləmişəm, amma marketinq istiqamətini “Bank Respublika”dan tutmuşam. “Bank of Baku”da qısa müddət işlədim, oradakı karyeram alınmadı, istədiyim vəzifəyə keçə bilmədim, ona görə də iş yerimi dəyişməli oldum. “Bank Respublika”da marketoloq kimi fəaliyyətə başladım. “Bank Respublika”dan başlayan bu uzun yol ölkənin bir çox bankından keçib və “Paşa Bank”a qədər gedib çıxdı. Bir müddət sonra bank sektorundan müvəqqəti ayrıldım və Azərbaycanın avtomobil bazarında lider şirkətlərdən olan “Auto Azerbaijan” şirkətində çalışmağa başladım. Həmin şirkətdə eyni vaxtda təxminən 6 brendin marketinq direktoru idim. O şirkətdən ayrıldıqdan sonra qısa müddət elektronika sektorunda marketinq direktoru kimi fəaliyyət göstərdim. Bu, təxminən 4-5 aylıq qısa müddət oldu. Daha sonra yolum “Paşa Bank”la davam etdi. Bu bankda da 3 ilə yaxın müddət işlədim. Orda çox maraqlı təcrübə keçdim. Qısası bank, avtomobil, hava yolları və elektronika sahələrində marketinq təcrübəsi toplaya bilmişəm.
- Uzun müddətdir bu sahədə çalışırsınız, fikrimcə, kifayət qədər uğurlu olmağı bacarmısınız. Bu uğurun sirri nədədir? Nələr tələb edir?
- Uğur məsələsinə nisbi yanaşıram. Mən hələ də hansısa uğurun sahibi olduğumu qəbul edə bilmirəm. İnsan qarşısına hansısa hədəf qoyur, ona çatdıqda özünü uğurlu hesab edir. İdmançı finiş nöqtəsinə çatanda artıq çempion olur.
Bizim sahə isə elədir ki, burda əldə etdiyin nəticələr hələ yolun başlanğıcıdır.
O nəticələr nə qədər yüksəlsə də, onları uğur kimi qəbul edə bilmirik. Bu, mənim şəxsi fikrimdir. Bir nəticəni əldə etdikdən sonra yeni hədəf yaranır və bu proses belə də davam edir. Bir müddətdən sonra geriyə baxıb düşünürsən ki, ilk əldə etdiyin nəticə elə də böyük uğur deyilmiş. Necə deyərlər, zirvə zirvədən yüksək olur.
Sirrə gəldikdə isə, bu, ilk növbədə məsuliyyətdən asılıdır. İnsanın savadı da, təcrübəsi də, intizamı da ola bilər, yaxud təsadüf nəticəsində əlinə düşən fürsətlərdən yararlana bilər, amma öz təcrübəmə əsasən deyə bilərəm ki, hər şeyin kökündə məsuliyyət dayanır. Bu məsuliyyət tələbəlik illərindən başlayır və karyerada da davam edir. Məsuliyyət olsa, tələbəlik illərində də lazımi bilikləri doğru şəkildə əldə etmək mümkün olacaq. Daha sonra karyera mərhələsinə çatanda da uğurla irəliləməyə başlayırsınız. Ən pis hal odur ki, insan “nəyisə əldə etdim” düşüncəsində olsun. Bu zaman həmin şəxsin enişi başlayır. Tək marketinqin deyil, digər sahələrdə də uğurun sirri bundadır.
- Amma marketinqdə fərqli nüanslar var. Məsələn, əməkdaşlarla iş əsas rol oynayır. Bu baxımdan işin öhdəsindən gəlmək üçün vacib olan nədir?
- Bəzən hansısa şəxsə “o, bu ixtisas üçün dünyaya gəlib” deyirlər. Mənim müəllimlik təcrübəm də var, bir neçə universitetdə dərs deyirəm. Hiss edirəm ki, gərək marketinq ixtisası insanın qanında olsun. Dünyaya rəngarəng baxışı olmayan, hər hansı bir hadisəni əsaslandırmağa həvəsi olmayan, hansısa uzunmüddətli baxış qura bilməyən, insanlarla davranışında mədəniyyət formalaşdırmağı bacarmayan insanın bu sahədə uğurlu olması şübhəli olar. Biliyi də kənara qoyuram, amma ən azından bu bacarıqlara malik olmalısan.
- Marketinqin əsas tərəfləri nələrdir?
- Nümunə olaraq bunu deyə bilərəm ki, marketinqin riyazi və kommunikasiya tərəfi var. Tələbəlik illərində ixtisasını seçən şəxs anlamalıdır ki, kimdir və nə üçün bu istiqamətdə irəliləyir? Mənim rəsm qabiliyyətim də var deyə, beynimin yaradıcı tərəfi mənə düşünüb yaratmağa imkan verir. Məktəb vaxtı isə riyaziyyatı çox sevmişəm. İndi də hesablamağı, araşdırmağı sevirəm. Təşəbbüskarlıq və təşkilatçılıq keyfiyyətlərim var. Tələbəlik həyatımın 3-cü ilində özümə sual verdim ki, 1 il sonra univertitet bitir, diplom şərt deyil, bəs mən kim olacam? Bu zaman özümü analiz etməyə, sevdiyim işləri, bacarıqları qarşıma qoymağa başladım. Xoş təsadüfdən elə alındı ki, marketinq fənnini keçməyə başladıq və mən özümü bu sahədə gördüm.
- Hansı ixtisas üzrə təhsil almısınız?
- Azərbaycan Texniki Universitetinin bakalavr pilləsini “Biznesin təşkili və menecmenti” ixtisası üzrə bitirmişəm. Daha sonra isə o vaxtkı Azərbaycan Dövlət Neft Akademiyasında (ADNSU) “Menecment” ixtisası üzrə MBA təhsili almışam. Bundan başqa, Almaniyada ixtisasartırma pilləsini bitirmişəm. Hazırda ADNSU-nun doktorantura pilləsində təhsil alıram.
- Hazırkı işinizdə təhsilinizin nə dərəcədə rolu var?
- Az öncə qeyd etdiyim məsələlər insanın püxtələşməsi üçündür. Onlar marketinq mütəxəssisi üçün təməl tələblərdir. Əlbəttə, biliksiz, təhsilsiz irəli getmək mümkün deyil. Elə insanlar var ki, dünya brendlərini yaradıblar, amma heç universitet belə bitirməyiblər. Elələri də var ki, universiteti yarıda qoyublar, amma dünyanın “TOP-10” brendlərindən birinin sahibidir. Bu baxımdan düşünürəm ki, bu təməl prinsiplər o insanlarda çox güclüdür. O qədər güclü ki, onlar bunun sayəsində irəli getməyi bacarıb. Məsələn, “Apple”ın yaradıcısı. Hər zaman onu misal çəkirlər, hardan gəlib, necə irəliləyib və sair. Həmçinin “Facebook” və digər sosial şəbəkələrin yaradıcısı Mark Zukerberq. O da təhsilini yarımçıq qoyub, bu sahəyə üz tutub, sonradan təhsilini təsdiqlədib. Belə faktlar da var, amma təhsil mütləq olmalıdır. Bəzən tələbələrlə danışanda bir misal çəkirəm, tutaq ki, bir qaranlıq otağa girmisiniz, çıxış yolu tapmaq üçün orda çıraq axtarırsınız. Biri də var, siz artıq çırağı hardan yandırmaq lazım olduğunu bilirsiniz, ayağınız büdrəmir. Təhsil də insan həyatı üçün bunu təmin edir. Həyatı daha hesablanmış, planlaşdırılmış edir. Səhvlərdən, risklərdən sizi mümkün qədər sığortalayır.
- Hazırda həyatımız elektronikadan asılı vəziyyətə düşüb. Bir tərəfdən yaxşıdır, dünya görüşümüz artır, xəbərlərlə daha operativ tanış ola bilirik. Digər tərəfdən isə gözümüzə, orqanizmimizə, yaxınlarımızla münasibətimizə mənfi təsir göstərir. İmkanınız olsaydı, hansı cihazı ləğv edərdiniz?
- (gülür) Çox maraqlı sualdır. Bilirəm ki, bu, mümkün deyil, amma imkanım olsaydı, smartfonların həyatımıza dərin nüfuzunu azaldardım. Səmimi desəm, smartfonlar o qədər inkişaf edib ki, insanlar arasındakı əlaqəni standartlaşdırıb, təbiiliyi aradan götürüb. Smartfonlar həyatımızı nə qədər yüngülləşdirsə də, təbiiliyin, təbiətlə ahəngliyin dadını qaçırdıb.
İnsan robot yaratsa da sanki, yeni texnologiyalar insanı robotlaşdırdı.
- İnsanlar var ki, məvacibi yüksək deyil, amma son model bahalı smartfonlar işlədirlər. Sizcə, insanları bahalı cihazlar almağa nə vadar edir?
- Əsas faktorlardan biri odur ki, hər bir brend hər hansı bir formada insanların şüuraltında öz mövqeyini formalaşdırıb. Hər bir şəxsin sosial ehtiyacı olur, yəni özünü cəmiyyətdə sübut etmək ehtiyacı. Qidaya, dost-tanışla münasibətə ehtiyacımız olduğu kimi, cəmiyyətdə sosial sübuta da ehtiyacımız var, yəni “biz də varıq” deməyə. Bunu təbii qarşılayıram. Ola bilər ki, kiminsə gəliri aşağıdır, amma sosial baxımdan hörmətli şəxsdir, hansısa vəzifənin sahibidir.
- Siz də bahalı son model telefon və kompüter işlədirsiniz?
- Nə qədər təkmilləşmiş cihaz olsa, insan istəyər ki, təcrübədən keçirsin, istifadə etsin. Amma digər tərəfdən bayaq dediyim sosial status məsələsinə gəlsək, düşünürəm ki, mən və mənim kimi insanların sosial statusa ehtiyacı artıq təmin edilib. Ola bilər, görülən işlərə görə, ola bilər, biliyinə görə və ya hansısa vacib xüsusiyyətinə görə.
- Pandemiyaya görə demək olar bütün sahələrin vəziyyəti pisləşdi, çətinlik yarandı, satış sahələri onlayn üsula keçdi. Bəs sizin şirkətə dərəcədə təsir etdi?
- Qapanmalar, sərtləşdirilmiş qaydalar bütün sektorlara, o cümlədən bizə təsir etdi, amma buna baxmayaraq, onlayn şəkildə xidmət göstərmək imkanı verildi. Əlimizdən gələni etdik ki, real, yəni ənənəvi satışdan çox da fərqlənməyən satış həyata keçirək. Onlayn satışımızı genişləndirdik.
Biz bu vəziyyəti təhlükə kimi qiymətləndirib, fürsət kimi istifadə etdik.
- Ötən ilki gəlirlə hazırkı vəziyyət arasında nəçə faiz inflyasiya müşahidə olundu?
- Olmadı, çünki biz buna imkan vermədik. Əvvəl hansı vəziyyətdə idiksə, onu qoruyub inkişaf edə bildik. Bilirsiniz niyə? İnsanlar arasında məfasə qadağası qoyuldu və potensial alıcılar həll yolu tapmağa çalışdılar. Belədə elektron cihazlara tələbat artmağa başladı.
- Bir menecer kimi qarşınızda duran hədəflər maraqlıdır. Hazırkı status, mövqe sizi qane edir?
- Mənim hədəfim nə karyera ilə bağlıdır, nə də hansısa gəlir etolonu ilə. Ümid edirəm ki, böyük səslənməz, amma mənim yeganə hədəfim bu sahədə ölkəmdə nümunə yaradıb, bir naxış, çizgi qoymaqdır. İstər elm tərəfdən olsun, istər görülən işlər baxımından - fərq etmir. Heç olmasa, yaşa dolanda və ya bu dünyada olmayanda insanlar desinlər ki, bu insan elmə yenilik gətirdi və ya yerli bazarda uğurlu nümunələr göstərə bildi. Karyerist insan deyiləm.