Bakıda dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.
Əvvəllər isə 1 kiloqram mal əti alıcılara 10-15 manata təklif olunub.
Gent.az xəbər verir ki, son günlər ölkədə ət və ət məhsullarının qiymətinin yenidən artırılacağı barədə məlumatlar yayılır.
Ətin bahalaşmasının səbəbi nədir?
İqtisadçı Eldəniz Əmirov bunun səbəbini müxtəlif faktorlarla əlaqələndirib. O, açıqlamasında bildirib ki, yemin bahalaşması ətin qiymətinə təsir edən əsas səbəblərdəndir:
"Qiymət artımları adətən daha çox özünü ərzaq məhsullarında göstərir. Bitki yağları və ət isə qiyməti daha çox qalxan, ümumiyyətlə qiymət artımı daha həssas olan ərzaq məhsulları kateqoriyasına aidir. Digər bir tərəfdən nəzərə alsaq ki, son dövrlər yemin qiyməti qalxıb. Yem isə ət və ət məhsullarının maya dəyərinin formalaşmasında əsas rol oynayan faktordur. Buna görə də yemin qiymətinin qalxması ciddi şəkildə ətin qiymətinə öz təsirini göstərir".
Ekspertin sözlərinə görə, örüş sahələrinin yetərli sayda olmaması və ət məhsullarına tələbatın artması bahalaşmaya şərait yaradan ikinci amildir. O, ətin bahalaşmasının bu məhsula tələbin artması, təklifin isə aşağı səviyyədə olması ilə əlaqələndirib:
"Digər bir məsələ isə biçənək və örüş sahələrinin yetəri qədər olmamasıdır. Məsələn, illər öncə də yəni, 30-50 il əvvəl də Azərbaycanda eyni həcmdə torpaq sahəsi, örüş-biçənək sahəsi var idi. Amma indi mal qara sayı, ətə olan tələbat həcmi artıb. Buna görə də tələbin kəskin artması təklifin isə lazımi səviyyədə formalaşdırılmasının çətin olması, nəticədə qiymət artımlarına şərait yaradan ikinci bir faktordur".
E.Əmirov bildirib ki, yem məhsullarının bahalaşması isə örüş sahələrinin az olması ilə bağlıdır:
"Təxminən dörd tam onda yeddi milyon hektarlıq kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi var. Bunun da iki milyon hektardan bir qədər artığı məhz əkin sahələrinin payına düşür. 20-25 il öncə iki tam onda altı milyon hektarlıq örüş sahələri var idi. Bu gün onun həcmi iki tam onda dörd milyon hektara düşüb. Yəni 200 min hektardan çox azalma baş verib. Göründüyü kimi, kənd təsərrüfatı sahələrində, əkin sahələrində daha çox azalma məhz örüş sahələrində baş verib. Örüş sahələrinin, biçənəyin azalması təbii olaraq, yem məhsullarının qiymətinin artması ilə nəticələnir. Yemin qiymətinin artması isə ətin bahalaşmasına gətirib çıxarır. Aydın məsələdir ki, biz torpaqların həcmini artıra bilmərik, amma hazırkı vəziyyətdə yeganə çıxış yolumuz məhsuldarlığın artırılmasıdır. Yəni torpağın hər kvadrat metrinə düşən effektivlik əmsalının yüksəldilməsidir".(big.az)